Ordumuz bu faktlarla irəliləyir – Polkovnik danışdı

Ordumuz bu faktlarla irəliləyir – Polkovnik danışdı

Azərbaycan ordusu yaranmış vəziyyətə görə daim tədbirlər görür. Yaz fəslində bəzi yüksəkliklər qardan azad olur. Yollar qardan azad olaraq işlək vəziyyətə düşür. Əlavə tədbirlər görərək o yollara nəzarət etmək üçün müəyyən yüksəkliklərdə yerləşmək kimi tapşırıqlar yerinə yetirilir.

AzerTimes xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Polkovnikin sözlərinə görə, bugünkü reallıq və zərurət ondan irəli gəlir ki, separatçılar qaçaqmal yolla və yaxud torpaq yollarından istifadə edərək Laçın dəhlizinə düşən 5 kilometrlik yollardan gizli şəkildə istifadə edirdilər:

“Bununla bağlı siqnalları Rusiya sülhməramlılarına versək də, onlardan reaksiya gəlmədi. Ona görə də Azərbaycan ordusunun bölmələri ora yaxın olan yerlərdə əlavə tədbirlər görərək, yüksəkliklərdə yerləşərək həmin yolları lokal şəkildə olsa da, nəzarət altına aldı. Məqsəd separatçıların o yoldan silah-sursat və şəxsi heyət daşımasının qarşısını almaqdır. Digər tərəfdən, əgər biz əvvəl 5-6 min silahlı terrorçu haqda danışırdıqsa, bu gün artıq 8-10 min rəqəmi ortaya çıxıb. Əlbəttə, terrorçuların sayının artırılması təxribatlara hesablanmış addımdır. Bunun qarşısını almaq üçün ilk növbədə yol şəbəkələri nəzarət altına alındı, videomüşahidə vasitələrindən istifadə edərək, sülhməramlıları konkret faktlar qarşısında qoyduq. Prezident İlham Əliyev sərhədə nəzarət mexanizmini ortaya qoydu. Cənab Prezidentin dediyi kimi, o yolların hamısına nəzarət mexanizmi qoyulacaq.

Düşünürəm ki, bütün yollar nəzarət altına alınana qədər ordumuz lazım olan bütün addımları atacaq. Hər bir yüksəklik nəzarəti yüksəklik deməkdir. Bu durum nəzarət imkanlarını genişləndirir. Elə yüksəkliklər var ki, qış vaxtı qar örtüyü qalın olduqda onun ətrafında bütün hərəkət və digər imkanlar yox səviyyəsində olur. Ona görə də yaz gələndə, hava şəraiti imkan verəndə o yüksəkliklər azad olunur ki, onlardan qarşıda olan ərazilərə nəzarət imkanı yaransın. Azərbaycan ordusunun bölmələri yaranmış vəziyyəti təhlil edərək qabaqlayıcı tədbirlər görür. Yol şəbəkələrinin nəzarət altına alınması gələcəkdə hər hansı bir təxribatın qarşısını almaq deməkdir”.

Hərbi ekspert antiterror əməliyyatından da danışıb. O bildirib ki, antiterror əməliyyatı həmişə gündəmdədir:

“Çünki hələ ki, bizim ərazilərimizdə qanunsuz dəstələr var. Beynəlxalq hüquqa əsasən, dövlətə tabe olmayan silahlı dəstələr terrorçu adlanır. Vətən müharibəsindən dərhal sonra qanunsuz silahlı dəstələrin tərk-silah edilməsi ilə bağlı tədbirlər görülüb və görülməkdə davam edir. Sadəcə vəziyyətə görə müəyyən dəqiqləşmələr aparılır. Hadrut ətrafında keçirilən 1-ci antiterror əməliyyatı zamanı ordumuz 60-dan yuxarı silahlı terrorçunu tərk-silah etdi”.

Teqlər: