Azərbaycan Ordusunun Baş Qərargahı, Müdafiə Nazirliyinin baş idarə, idarə, xidmət və müstəqil şöbələri, eləcə də bütün qoşun növləri və xüsusi təyinatlı təhsil müəssisələrində 2023-cü ilin yekunları ilə əlaqədar iclaslar keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, iclaslarda Azərbaycan Ordusunun cari ildəki fəaliyyəti geniş təhlil edilib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ordu qarşısında qoyduğu tapşırıqlar bir daha şəxsi heyətə çatdırılıb.
Hərbi qulluqçuların döyüş hazırlığının və mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə olduğu bildirilib. Şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, hərtərəfli təminatı, o cümlədən qoşunların peşəkar kadrlarla komplektləşdirilməsi sahəsində görülən işlərdən danışılıb.
Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar nəticəsində qazanılan nailiyyətlər qeyd edilib və şəxsi heyətin bundan sonra da Ali Baş Komandanın istənilən tapşırığına hər an hazır olduğu xüsusi vurğulanıb.
İclaslarda növbəti ildə şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili, sosial-məişət şəraitinin yaxşılaşdırılması, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçiriləcək tədbirlər və perspektiv planlar müzakirə olunub.
Sonda cari ilin yekununa əsasən hərbi xidmətdə fərqlənən hərbi qulluqçular təltif ediliblər.