1930-cu ildə yaradılmış Ağdam rayonu əcdadlarımızın ulu məskənidir. Qarabağ dağ silsiləsi ilə Kür-Araz ovalığının arasında yerləşən şəhər tarixən qalalar şəhəri olub. Keçən əsrin 50-ci illərindən başlayaraq, müntəzəm olaraq aparılan arxeoloji tədqiqatlar bu ərazilərin hələ 6-8 min il bundan əvvəl məskunlaşdığını və tarixi-mədəni abidələrin sayına görə Cənubi Qafqazın ən zəngin məkanlarından biri olduğunu göstərir.
Sovet dövründə sürətlə inkişaf edən Ağdam bütün Qarabağ bölgəsinin əsas sənaye və ticarət mərkəzinə çevrilmişdi. 1993-cü ildə erməni təcavüzü ilə üzləşən Ağdam sakinləri 42 gün öz şəhərlərini rəşadətlə müdafiə etdilər. Lakin sonadək müqavimət göstərmək və şəhəri saxlamaq mümkün olmadı və 23 iyul tarixində Ağdam ərazisinin rayon mərkəzi ilə birgə 90 kəndi işğal olundu. Ermənilər işğal etdikləri bütün ərazilərdə olduğu kimi Ağdam rayonunu da etnik təmizləməyə məruz qoydular. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 853 saylı qətnamədə “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin xaricdəki havadarlarına arxayın olan Ermənistan beynəlxalq qanunlara tabe olmaqdan yayındı. İşğal nəticəsində ölkənin müxtəlif bölgələrində yerləşdirilmiş 128 min ağdamlı 27 il ərzində məcburi köçkün həyatı yaşamağa məcbur oldu.
27 il ərzində düşmən əsarətində qalan Ağdam demək olar ki, yer üzündən silindi. Torpaqlarımız işğaldan azad olunduqdan sonra Ağdam ərazisinə səfər edən xarici jurnalistlər onu “Qafqazın Xirosiması” adlandırmışdılar. Çünki Ağdamda heç bir həyat nişanəsi qalmamışdı. Mədəni və dini abidələrimiz vandalizmə məruz qoyulmuş, təhqir və qarət edilmişdi. Ağdamı ziyarət edənlər buranı “Ruhlar şəhəri” də adlandırırdılar. Bu, Ağdamın ozamankı vəziyyəti üçün ən doğru ifadə idi. Şəhərdə bir dənə də olsun salamat bina qalmamış, bütün tikililər bünövrəsinə qədər sökülüb talan edilmişdi. Orda yalnız ruhlar uçuşurdu. Ağdamın müdafiəsi üçün canını qurban vermiş şəhidlərimizin ruhları. 27 il ərzində o ruhlar hamımızı – bütün Azərbaycan xalqını torpaqlarımızın azadlığı uğrunda mücadiləyə səsləyirdi. Nəhayət, müqəddəs savaş anı gəldi. 2020-ci ilin Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun bütün işğal olunmuş əraziləri Azərbaycana təhvil verildi. O zaman erməni vəhşiliyinin əsl siması tam çılpaqlığı ilə bütün dünyaya bəlli oldu.
İşğaldan azad olunduqdan sonra Ağdam şəhərini ziyarət etmiş Prezident İlham Əliyev demişdi: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Həmin Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olundu. Bu gün Ağdamda şəhər günüdür. Onun azad olunduğu və yenidən doğulduğu gündür. Bu gün yeni Ağdamın mərkəzi meydanında Azərbaycanın qalibiyyət bayrağı qürurla dalğalanır.
2021-ci 28 may tarixində Ağdam şəhərinin bərpası üzrə Baş Plan ictimaiyyətinə təqdim olundu. Son iki ildə Ağdam şəhərində və kəndlərində abadlıq-quruculuq işləri sürətlə aparılır. Məcburi köçkünlərin öz doğma şəhərinə qayıtması üçün tikilən çoxsaylı yaşayış binaları və evlərlə yanaşı rayonda Sənaye Parkı, Zəfər Muzeyi, məktəb, bağça və xəstəxana binaları da tikilir. Ağdamı ətraf rayonlarla birləşdirən avtomobil yolları, dəmir yolları və Avtovağzal tikilir. İşğal müddətində dağıdılmış qalalarımız, Qarabağ xanlarının türbələri və yaşayış evi, məscidlərimiz və muzeylərimiz bərpa olunur. Bir sözlə, bu gün Ağdamın hər guşəsində həyat ruhu dolaşmaqdadır. Şəhidlərimizin ruhu isə şaddır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!