Onun Prezidentə Şuşada bu sözləri ünsürləri “şok” etdi – Video

Onun Prezidentə Şuşada bu sözləri ünsürləri “şok” etdi – Video

Xəbər verdiyimiz kimi, ötən gün “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib və Prezident İlham Əliyev dünyanın müxtəlif xəbər agentlikləri, tanınmış media qurumları təmsilçiləri və ekspertlərinin suallarını cavablandırıb.

AzerTimes xəbər verir ki, uzun illərdir ABŞ-da yaşayan, vaxtilə Azərbaycanda siyasi fəaliyyətlə məşğul olan, xarici köçdükdən sonra da ekspert kimi mediada çıxışlarına davam edən və Azərbaycan hakimiyyətini müxalif mövqeyi ilə tanınan Ramis Yunisin Forumda iştirakı və Prezident Əliyevə müraciəti və sualı maraqla qarşılanıb. Ramis Yunisin işğalda olan torpaqların azadlığına görə Prezidentə minnətdarlığını bildirməsi xaricdəki bəzi ünsürlərin “təəccübünə” səbəb olub və bir-birinin ardınca “silsilə debatlar” təşkil ediblər.

Aktuallığını nəzərə alaraq, Forumdakı sözügedən sual-cavabı təqdim edirik:

Ramis Yunis: Hörmətli cənab Prezident, Sizi Qarabağın tacı olan müqəddəs Şuşa şəhərində salamlamaq mənim üçün böyük şərəfdir. Bu fürsətə görə mən şəxsən Sizə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Allah Sizdən razı olsun, Allah Azərbaycan xalqını qorusun!

Prezident İlham Əliyev: Vətənə xoş gəlmisiniz.

Ramis Yunis: Təşəkkür edirəm. Cənab Prezident, nəzərə alsaq ki, bu gün bu möhtəşəm tədbirdə çoxlu sayda hörmətli qonaqlar iştirak edir, icazənizlə, mən öz sualımı ingilis dilində Sizə ünvanlayım.

Prezident İlham Əliyev: Buyurun.

Ramis Yunis: Təşəkkür edirəm. Hörmətli cənab Prezident, mənim üçün burada – müqəddəs Qarabağın müqəddəs Şuşa şəhərində olmaq böyük şərəfdir. Bu imkana görə təşəkkür edirəm. Mənim sualım ABŞ-Azərbaycan əlaqələri barədədir. Bildiyiniz kimi, noyabrda ABŞ-da seçkilər olacaq. Siz seçkilər haqqında cənab Qusmanın sualına çox gözəl diplomatik cavab verdiniz. Mənim sualım seçkilər barədə deyil. Eyni zamanda, Sizin hər iki – həm Respublikaçılar, həm Demokratlarla əlaqələrdə yaxşı təcrübəniz var. Cənab Prezident, Sizcə, Demokratlar və ya Respublikaçılar administrasiyalarından hansı ilə daha yaxşı, necə deyərlər, dil tapmaq olur. Sizcə, Ağ Evdə dəyişikliyin regionumuzla bağlı hansı nəticələri olacaq, hansı dəyişikliklər olacaq?

Prezident İlham Əliyev: Bir daha sizi bu uzun illərdən sonra Vətəndə salamlamaq xoşdur. Əlbəttə ki, Azərbaycan-ABŞ əlaqələri, onun görünən tərəfi haqqında danışdıqda, bizim Respublikaçılar hakimiyyəti ilə daha nəzərəçarpacaq dərəcədə uğurlu və nəticəyönümlü əlaqələrimiz olubdur. Siz mənim Amerika liderləri ilə əlaqələrimə, təmaslarıma nəzər salsanız, bu, aydın olar. Eyni zamanda, Prezident Trampın prezidentliyi dövründə bizim çox səmərəli əməkdaşlığımız olub. Bu əməkdaşlıq qarşılıqlı hörmət üzərində qurulmuşdur və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi.

Bizim ABŞ-la münasibətlərimiz demək olar ki, hər zaman sabit olub. Əlbəttə ki, müəyyən enişli-yoxuşlu dövrlər olub və o da bizim günahımız deyildi. Çünki bəzən Azərbaycanla bağlı müəyyən şişirdilmiş gözləntilər olub. Digər tərəfdən, onlar bizim siyasi həyatımıza müdaxilə etməyə çalışıblar, siyasi müxalifəti maliyyələşdirmək cəhdləri ediblər. Bu cəhdlər birbaşa və ya müəyyən QHT-lər vasitəsilə olub. Bildiyiniz kimi, Azərbaycan balaca ölkədir və Bakıda hər kəs hər şeyi bilir. Ona görə bunu gizlətmək çətin olardı. Bütün bu enişli-yoxuşlu dövrlərə baxmayaraq, biz münasibətlərə strateji, vacib mövqedən yanaşmışıq və biz burada mümkün qədər əlimizdən gələni etməyə çalışmışıq. Xüsusilə də bizim praktiki baxımdan sülhməramlı əməliyyatlarda iştirakımızı nəzərdə tuturam.

Bildiyiniz kimi, bu əməliyyatlar başlayanda Azərbaycan ilk qeyri-NATO ölkəsi idi ki, Əfqanıstanda həmin əməliyyatlara qoşuldu və oradan sonuncu çıxdı. ABŞ qoşunları ölkəni tərk etdi və daha dəqiq desək, oranı qoyub qaçdılar. Biz hələ də orada idik. Biz Türkiyənin Silahlı Qüvvələri ilə birlikdə hava limanını tərk edən sonuncu ölkələr olduq. Bu idi bizim tərəfdaşlığımız. Əfqanıstanla bağlı onların bizə ehtiyacı var idi. Mən xatırlayıram ki, ABŞ-ın yüksəkrütbəli məmurları və nəqliyyat komandanlığı, Müdafiə Nazirliyinin nəqliyyat komandanı Azərbaycana dəfələrlə gəlirdilər və bizə minnətdarlıq bildirirdilər ki, Azərbaycan “Şimal şəbəkə” adlandırılan bir dəhliz idi və biz onun tərkib hissəsi idik. Onu da qeyd etmək lazımdır ki, Əfqanıstana gedən əsas marşrut çox çətin marşrut idi. Ancaq Əfqanıstanda missiya başa çatdıqdan sonra onların etdikləri nə oldu? Onlar yenidən bizə qarşı sanksiyanı bərpa etdilər. Mən 907-ci düzəlişdən danışıram. Buna heç bir məntiqi əsaslandırma və izah təqdim etmədən, bu da onların bizə təşəkkürü. Uzun illər ərzində biz onlara qarşı etdiyimizin və yaxşı tərəfdaş olduğumuzun müqabilində Azərbaycan xalqı nə düşünə bilər bu Administrasiya haqqında? Yəni, deməli, siz onlara lazım olanda olursunuz yaxşı bir adam, yaxşı bir ölkə, sizin haqqınızda təriflər yağdırırlar. Onların sizə ehtiyacı olmayanda nəinki sizə biganə yanaşırlar, hətta sanksiyalar tətbiq edirlər. Nəyə görə? Çünki biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etmişik. Mən bunu demək olar ki, bütün liderlərə demişəm bir neçə gün öncə Oksfordda – Britaniyada. Çünki onlar hamısı mənə Ermənistan haqqında, sülh sazişi haqqında suallar verirlər. Sanki Avropada bütün məsələlər həll edilib və Ermənistan-Azərbaycan məsələsi yerdə qalan yeganə problemdir. Mən təəccüb edirdim ki, onlar hər zaman bütün söhbətlərdə bu məsələni qaldırırlar. Mən heç vaxt Avropa liderləri və ya digər liderlərlə danışığımda bizə, mənə şəxsən aid olmayan heç bir məsələni müzakirə etmirəm. Mən bu görüşlərdə onlara izah etməyə çalışırdım ki, bizim etdiyimiz sizin dəstəklədiyiniz tərəfin hərəkətlərindən heç nə ilə fərqlənmir. Fərq ondan ibarətdir ki, bütün milyardlarına rəğmən, onlar uğursuz oldular, biz isə bunu bacardıq. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytardıq. Bunu hərbi və siyasi yolla etdik və dərhal bizə qarşı sanksiya tətbiq edildi. Yəni, bu, çox məyusedici bir haldır. Həmin o müxtəlif bəyanatlarda bizə qarşı istifadə edilən terminlər, yəni, “Azərbaycanla bundan sonra əlaqələr əvvəlki kimi ola bilməz”, belə bir bəyanat verdilər, amma nə oldu? Yenidən adi qaydada əlaqələrə qayıtdıq. Yəni, biz həmin o şişirdilmiş gözləntiləri təmin etmək üçün heç bir şey etmədik, heç bir addım atmadıq. Ona görə mən bir daha təkrar etmək istəyirəm və cənab Qusman da sualını verəndə artıq cavabı bilirdi. Sizə də təşəkkür edirəm ki, mənə bu barədə sual verdiniz.

Biz hazırkı ABŞ Administrasiyasının fəaliyyətindən, hərəkətlərindən dərindən məyus olmuşuq. Bu, birtərəfli yanaşmadır. Qafqazda ayırıcı xətlərin çəkilməsi olduqca təəccüblüdür. Bildiyiniz kimi, ABŞ Dövlət katibi, Avropa Komissiyasının prezidenti və onların bir növ xarici işlər naziri hesab edilən ali komissarı Brüsseldə görüşdülər. Bu görüşdə onlar Ermənistanın hərbi baxımdan maliyyələşdirilməsi məsələsini müzakirə etdilər. Onlar hərbi sahədə maliyyə ayırmaq məqsədini güdürlər və bu, bizim üçün tamamilə qəbuledilməzdir. Biz bəzən açıq, ictimai şəkildə, bəzən də pərdəarxası mesajlarımızı veririk ki, Azərbaycanın maraqları Cənubi Qafqazda təmin edilməlidir. Kimsə bizim maraqlarımızı görməzdən gəlməyə çalışsa, əlbəttə ki, onlar yanılacaqlar və uğursuzluğa düçar olacaqlar. Biz əlbəttə ki, ABŞ-da prezident seçkilərinin nəticələrindən asılı olmayaraq, mən səmimi deyirəm ki, anti-Azərbaycan fəaliyyətin bir hissəsi prezident seçkiləri ilə bağlıdır. Onlar ermənilərin səslərini qazanmaq istəyirlər. Ona görə də zənnimcə, məqsəd məhz elə bundan ibarət idi. Mən tamamilə obyektiv olmağa çalışıram. Ümid edirəm ki, seçkidən sonra ABŞ-da və Avropada Azərbaycan haqqında, bizim potensialımız, rolumuz haqqında daha yaxşı anlayış olsun. Yəni, biz şou qurmuruq, öyünmürük. Biz bilirik potensialımız nədən ibarətdir və bunu bizimlə əməkdaşlıq edən hər kəs bilir. Bu potensialdan xoş niyyət, xoş məram, konsolidasiya, tərəfdaşlıq üçün istifadə edilməlidir və biz demonizasiya qurbanı olmamalıyıq. Mən cənab Prezident Trampı “Vaşinqton Post” və “Nyu-York Tayms”ı “feyk nyus” adlandırmasını artıq qeyd etdim. Yəni, “Vaşinqton Post” təsəvvür edin ki, redaktorlar səviyyəsində onlarla məqalə dərc edir. Məni diktator, satrap adlandırırlar. Hikmət Hacıyev bunu bilir. Yəni, bir daha Ramis, sizi görməyə şadam. Vətənə xoş gəlmisiniz.

Qeyd edək ki, R.Yunisin sualı videoda 1:32-ci dəqiqədən başlayır.

Teqlər: