Kanadanın Toronto şəhərindəki Ontario əyalət parlamentinin binası qarşısında 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a bildiriblər ki, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan mərasimdə Ontario parlamentinin üzvləri, Azərbaycan icmasının və ölkəmizə dost münasibəti bəsləyən digər xalqların nümayəndələri iştirak ediblər.
Təntənəli mərasimi açıq elan edən Kanadanın sabiq vətəndaşlıq və multikulturalizm naziri, ictimai xadim Toni Ruprext Azərbaycanın dövlət müstəqilliyinin 105-ci ildönümünün qeyd olunması məqsədilə keçirilən tədbirə qatılanlara minnətdarlığını bildirib.
Ontario Qanunvericilik Assambleyası Nümayəndələr Palatasının Komitə sədrinin ikinci müavini Patris Barns 105 il əvvəl Azərbaycanın Rusiya imperiyasından ayrılaraq demokratik və dünyəvi respublika elan etməsi kimi tarixi hadisənin qeyd olunması mərasimində məmnuniyyətlə iştirak etdiyini söyləyib.
O, Ontario Qanunvericilik Assambleyası adından spiker Ted Arnot tərəfindən imzalanmış 28 May – Müstəqillik Günü ilə bağlı rəsmi təbrik məktubunu “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənovaya təqdim edib.
Türkiyənin Torontodakı baş konsulu Sinem Minqan çıxışında ölkələrimizin bənzərsiz dostluq, qardaşlıq münasibətlərinə malik olduğunu qeyd edib. “Bir millət, iki dövlət” şüarını səsləndirən diplomat ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu vurğulayıb.
Baş konsul Sinem Minqan, Ontario əyalət parlamentinin üzvü, turizm, mədəniyyət və idman nazirinin Kanada parlamentində köməkçisi Şeref Sabavi və çıxışına Azərbaycan dilində “Bu gün biz Azərbaycanın Müstəqillik Gününü qeyd etmək üçün buradayıq” cümləsi ilə başlayan Ontario əyalət parlamentinin üzvü Kris Qlover tarixi hadisə münasibətilə icmamızı təbrik ediblər.
Ontario əyalətinin Baş naziri Doug Ford, Ontario rəsmi müxalifətinin lideri Marit Stiles, Yaşıllar partiyasının nümayəndəsi Mayk Şrayner tərəfindən imzalanmış təbrik məktubları və Liberal partiyasının təbriki Azərbaycan icmasına təqdim olunub.
Tədbirdə çıxış edən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova Azərbaycan icmasının sevincini bölüşən qonaqlara minnətdarlığını bildirib. Kanadada yaşayan azərbaycanlılar olaraq ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etməsi üçün birgə çalışacaqlarını vurğulayıb.
Daha sonra tanınmış vokalçı, Prezident təqaüdçüsü Həsən Enaminin canlı ifasında Azərbaycanın və Kanadanın Dövlət himnləri səsləndirilib. Lalin Həsənova Himnimizin sədaları altında Azərbaycanın Dövlət Bayrağını ucaldıb.
Mərasim Azərbaycanın milli rəqslərinin ifası ilə başa çatıb.
Sonra Azərbaycanın əlamətdar bayramı münasibətilə Ontario əyalət parlamentinin binasında ziyafət verilib.