Onların maaşı 1933 manat oldu: artım niyə azdır?

Onların maaşı 1933 manat oldu: artım niyə azdır?

Dövlət qulluqçularının orta aylıq maaşı 2023-cü ildə əvvəlki ilə nisbətən 8,3 faiz artaraq 1933 manata çatıb. Bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb. Bununla belə, ötən il ölkə üzrə orta aylıq nominal əmək haqqı 11,2 faiz yüksəlib. Statistik müqayisə göstərir ki, dövlət qulluqçularının maaşlarındakı artım ölkə üzrə orta aylıq əmək haqqı artmından aşağı olub.

AzerTimes xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycanda əmək müqaviləsi ilə çalışanların orta maaşları dövlət qulluqçularının əmək haqqı ilə müqayisədə 2.9 faiz bənd daha çox artıb:

“Rəsmi statistikaya görə, ötən il 1 milyon 741 min nəfər əmək müaviləsi ilə çalışıb. Onlardan 899 min nəfəri dövlət sektorunda, 842 min nəfəri isə özəl sahədə fəaliyyət göstərib. Digər tərəfdən, özəl sektorda çalışanların sayı ötən il 12,1 min nəfər artıb. Yəni artıq özəl sektorda çalışanların sayı dövlət sektorunda muzdla işləyənlərin sayına çatmaqdadır. Özəl müqavilələrin sayının artması ölkə üzrə müqayisəli şəkildə daha yüksək maaş artımına səbəb olub”.

O bildirib ki, gizli məşğulluğun leqallaşdırılması da əmək haqqı fərqlərinə təsir göstərib:

“Son 5 ildə özəl sektorda əmək müqavilələrinin sayının artması məşğulluğun ağardılması ilə də birbaşa bağlıdır. Bu sahədəki islahatlar ölkə üzrə ümumi rəsmi əmək haqqı fondunu artırıb. Nəticədə ölkə üzrə nominal əmək haqqı dövlət qulluqçularının maaşlarına nisbətən daha çox artıb”.

Teqlər: