Onlardan bizə gələn səs başlarına dəysin – Tural Abbaslı

Onlardan bizə gələn səs başlarına dəysin – Tural Abbaslı

AĞ Partiya sədri Tural Abbaslının AzerTimes-a müsahibəsi:

– Tural bəy, sizi siyasi şoumen hesab edirlər. Maraqlıdır, niyə?

– Baxır, şoumen deyəndə nəyi nəzərdə tuturlar. Şou özü göstərmək, təqdim eləmək deməkdir. Məsələn, belə deyən adamlar Avropanı, Amerikanı sevən adamlardır. Yaxşı, Tramp özü ən böyük şoumen deyilmi? Yaxud Zelenski kimdir? Birmənalı şəkildə şoumen – aktyor da yox ha, məhz şoumen. Onlara baxanda isə mənim şou elementlərim azdır. Mən sadəcə, inandığımı, ideoloji dəyərlərimi təqdim edirəm.

– Yəni qəbul edirsiniz?

– Yox, elə düşünmürəm ki, sırf siyasi şou ilə məşğulam. Bu gün Azərbaycanda ilk üçlükdə olan siyasi partiya bizik. Partiya rəhbərləri arasında ən çox tanınan adam da mənəm. Belə deyim, o vaxt mən Zəngəzurdan danışanda da deyirdilər ki, şou göstərir. Amma Zəngəzur dövlətin əsas xəttinə çevrildi, hazırda Ermənistanın gündəmidir. Mən sadəcə, bir qədər emosionalam, bunu qəbul edirəm. Sizə görə ola bilsin ki, bu, şoudur. Mənim isə xarakterim belədir. Onsuz da, indi nə dediyindən çox, necə dediyinə fikir verirlər. Ona görə, əvvəlcə mənim dediyimə baxmaq lazımdır. Axı yanlış heç nə demirəm. Deyirəm, filan-filan problemlər var, həll edin. Bu niyə şoumenlik olsun ki? YAP-ı qoyuram qırağa, bu dəqiqə hansı siyasi partiya bizimlə mübarizə apara bilər?!

– Məsələn, şoumenlik onu hesab eləmək olar ki, Rövşən Binəqədili adlı bayağı hesab edilən müğənnini müdafiə edir, onun efirlərə çağırılmağını istəyirdiniz…

– Burada artıq zövq müxtəlifliyi ortaya girir. Məsələn, dünyanın ən məşhur “Qara kub” əsəri var. Baxırsan, heç nə yoxdur. İndi deyək ki, bu əsəri sevməyən hər kəs zövqsüzdür? Bu, bayağılıqdır? Baxın, nə qədər zabitimiz, əsgərimiz, elə demək olar ki, hamı – onun mahnıları ilə döyüşə girirdi. Buna pafos da demək olar. Mən bu məsələdə özümü borclu hesab elədim. Ən azından, onu vətənpərvərlik mövzularında efirə dəvət etmək olar. Amma tamamilə ayrı tuturlar. Niyə? Hansı səbəbə? “Əli və Nino”nu oxudum, çox sadə bir əsərdir. Xüsusi heç nə yoxdur. Bəs niyə populyardır? Çünki kənardan gəlib. O adamın bəlli bir mövzusu var, o üzrə də dəyərləndirmək lazımdır, daha bayağıdır, elədir, belədir, yox.

– Onun mahnıları sizin zövqünüzü oxşayır ki?

– Məsələ mənim zövqüm deyil, mən auranı nəzərdə tuturam. Guya efirdə olanlarımız dəhşət yaxşıdır, bir bayağı Rövşən Binəqədili oldu? Kəramət çıxıb efirdə mənasız şeir oxuyurdu. Vallah, efirə Kəraməti çağırmaqdansa, Rövşən Binəqədilini çağırmaq daha yaxşıdır. Kəramət Böyükçöldənsə, Rövşən Binəqədili min dəfə ciddi adamdır. Vaxt var idi Ağasəlim, Ağamirzə kimi meyxanaçılar da eynilə Rövşən kimi tanınırdılar.

– Tural bəy, sizin qardaşınız da şəhid olub. Ailəsi, uşaqları sizin üzərinizdədirmi? Şəhid ailəsi olaraq sizə olan qayğıdan narazı deyilsiniz ki?

– Mən heç vaxt şəhid ailəsi olduğumu qabartmamışam. Əslində, lazım olsaydı, qardaşımı da “aradan çıxarda” bilərdim. O özü könüllü getmişdi. Heç vaxt deməmişəm ki, mən şəhid ailəsiyəm. Hətta anam da mənə deyir ki, niyə qardaşını təbliğ eləmirsən? Mənim çıxışlarım hər zaman başqalarına görə olub. Çünki hər şəhid ailəsinə olan münasibət eyni deyil, məmurlar eyni cür yanaşmır. Şükür, qardaşımın yoldaşı təhsilli xanımdır, hüquqlarını da müdafiə edir, anam özü də nə lazımdırsa edib, edir. Amma problemlər çoxdur. Şəhid var ki, onun adına nəsə vermək üçün ordeni olmur. Problemə baxın, orden yoxdur deyə, digər şəhidlərə olan qayğıdan az qayğı göstərilir. Şəhid ailəsinə birotaqlı ev verərlər? Kimsə o evə qonaq gedəndə şəhid anası çayı yatağın üstündə verməlidir? Elə şəhid ailəsi var ki, məsələn, ucqar bir yerdə yaşayır, haqqını da tələb edə bilmir. O niyə qıraqda qalmalıdır?

– Tural bəy, parlament seçkilərinə qatılacaqsınızmı?

– Mən bu dəqiqə deputat olmasam da, küçəyə çıxanda insanlar məni ərklə saxlayır və deyir, filan problemi qaldır, bunu de, onu de, deputat deyilsənmi? Yəni elə bilirlər, hazırda deputatam. Bəli, deputat olmaq istəyərəm. Niyə də yox?

– Namizədliyinizi hansı dairədən verəcəksiniz?

– İki dəfə 21 saylı Nəsimi birinci seçki dairəsindən namizəd olmuşam. İndi də hazırlaşırıq. Parlamentə düşsək, bizim üçün daha rahat olar. Biz xalqın sözünü deyən adamlarıq. İndi də kimlərinsə problemlərinə görə xahişlər edirik. Deputat olsam, problemləri asanlıqla həll edərəm. Yaxşı mənada o nüfuzdan istifadə edərəm. O qədər deputat var ki, seçiciləri şikayətlərini mənə deyib, həmin dəqiqə yönləndirmişəm ki, baxın, sizin seçicinizdir, problemini həll edin. Sizə bir söz də deyim: Türkiyə olsaydı, əminliklə deyərdim ki, qalib gələcəm. Amma burada çətin də ola bilər. Buna baxmayaraq, xalqın səsini alacağımdan əminəm.

– Tural bəy, kifayət qədər emosionalsınız, əgər deputat seçilsəniz və sərt çıxışlar etsəniz, məsələn, heç Siyavuş Novruzovdan qorxmursunuzmu?

– Mənim heç kimdən və heç nədən qorxacağım yoxdur. Siyavuş Novruzovdan isə ölçülərinə görə çəkinə bilərəm (gülür). Siyasi sferada heç kimin yanında gözkölgəli deyiləm. Bizim bir prinsipimiz var: Döyülmək qorxaqlıq deyil, qaçmaq qorxaqlıqdır. Gənc olanda da qorxmamışam. Döyülmüşəm, amma qaçmamışam. Bu mənada fiziki gücüm də yaxşıdır. Zarafat bir yana, həyat yolumuza baxan görər ki, çəkiniləsi bütün yolları keçmişik. Bölmələr, həbslər… Burunlarından gəlməsin, gecə 12-də kimlərəsə imza yığmışıq, plakatı cırıblar deyə, məhlə adamıyla dava etmişik, camaat çıxıb bizi döyüb. Hamı da məni belə tanıyır. Heç məndən sakit çıxış da gözləmirlər, bilirlər ki, beləyəm. Axı bir şəhid ailəsinin dərdini necə sakit deyim? Hətta normal insanın ola biləcəyi dərəcədə emosionalam. Sadəcə, öndə olduğuma görə daha çox diqqət çəkirəm.

– Tural bəy, xanımınız necə, siyasi fikirlərinizi dəstəkləyir, sizə partiya işlərində kömək edirmi?

– Xanımım da gözünü siyasi proseslərin içində açıb. Bu mənada hər şey yaxşıdır. Yoldaşım keçmiş deputat, Müsavat Partiyasının Divan üzvü olan İkram İsraflin qızıdır. İndi də idarə heyətimizin üzvüdür, xarici əlaqələr üzrə də sədr müavinidir. Xaricdə təhsil alıb. Mənim dil bilgilərim zəifdir, çox işi o özü həll edir, sağ olsun.

– Yəni ailə özü də bir dövlətdir…

– Elədir. Partiya və ailənin idarəçiliyi aşağı-yuxarı eynidir. Ailənin dəstəyi isə çox önəmlidir. Bizim dostlarımız olub ki, ailə ilə seçim arasında qalıb, başa düşməyiblər, problem ediblər, onlar da seçim edərək siyasətdən getməli olublar. Mən heç kimi qınamıram. Yaşamadan bilməzsən. Anam da Müsavatın bərpa qurultayının üzvü olub, gözümü açandan Müsavatla böyümüşəm, 16 il orada olmuşam, az deyil.

– Belə bir söz var ki, siyasətçilər ən böyük yalançılardır. Bəlkə bizə bir-iki yalanınızı deyəsiniz?

– Vallah, doğrudan da yalanı sevmirəm. Çünki yalan insanın hörmətini aşağı salır, dəyərini itirir. Çalışıram, heç vaxt yalan danışmayım. Balaca uşaqları da aldatmıram. Ola bilər, bəlkə də nəsə demişəm, sonra o məsələ yanlış olub. Amma bilərəkdən heç bir yalan danışmamışam. Əksinə, düz danışdığıma görə problemlərim olub. Düşünürəm, yalan danışsaydım, indi daha çox hörmətim var idi. Bir dəfə məndən soruşdular ki, kitab oxuyursunuz hər gün? Cavabım xoşlarına gəlmədi. Elə bilirlər, kitabı kiməsə görə, şəkil çəkdirmək üçün oxuyurlar.

– Doğrudan, kitab oxuyursunuz? Elə bil, bir qədər öz üzərinizdə çalışmırsınız, baxmayaraq ki, gənc, enerjili siyasətçisiniz. Amma intellektual imkanlarınız çox məsələyə adekvat deyil…

– Baxın, bircə gün keçib yerimdə oturun, görün heç vaxtınız olacaqmı? Əvvəla, oxumuram da demirəm, oxuyuram, amma şişirtmirəm. Gündəlik olaraq oxumuram. Adamlar var, kitab oxumağı həddindən artıq şişirdiblər. Özünə görə oxuyursan da. Elə bilirlər, kitab oxumasan, heç kim olacaqsan. Tutalım, Elxan Elatlını, Çingiz Abdullayevi oxuyub nə qədər böyük adam ola bilərsən? Demirəm onlar pisdirlər, sadəcə, nə qədər dəyişiklik ola bilər ki? Dedektivdir də. Seriala baxmaqla onun fərqi nədir? Oxuduğum bəzi kitablar siyasətlə bağlıdır, bəziləri də tarixlə. Hazırda qəhrəmanam ki, bu qədər işin içində kitab da oxuyuram. Amma bu dəqiqə məcburam ki, gündəmi daha çox izləyim, münasibət bildirim. Demək, xətirlərinə dəyməsin, o vaxt Divan üzvü olanda otururduq iclasda – Vurğun Əyyub, Adil Qeybulla, İsa Qəmbər, Qubad İbadoğlu, Arif Hacılı, Almaz Əliqızı – bunların da yarısı universitet müəllimi. Siyasət, o, bu, qırğın, bay, qəfil xəta olurdu, ortaya bir şeir düşürdü, vəssalam, iclas olurdu ədəbiyyat dərnəyi, siyasət qalırdı qıraqda. Hər şeyin də öz yeri var… Çalışıram ki, daha çox oxuyum, özümü yetişdirim. Sadəcə, bütün günü ədəbiyyatla məşğul deyiləm. Yeri gəlmişkən, AYB sədri Anar da deyib, təklif gəlsə, deputat olaram. Mən ona təklif edirəm, gəlsin, bizim partiyadan namizəd olsun.

– Anara münasibətiniz yaxşıdır?

– Düşünürəm, o, daha çox tarixdə qalacaq, nəinki mən. Yazıçı kimi münasibətim yaxşıdır. Adam gördüyünü görüb, dediyini deyib, yazdığını yazıb. Mənə elə gəlir, ondan əlavə qəhrəmanlıq gözləmək lazım deyil. Oxumuşam əsərlərini, xoşuma gəlib. Ssenariləri də var, yaxşıdır.

– Bəs onun ictimai-siyasi mövqeyi?

– Məsələn, İsa Qəmbərin azadlığa çıxması üçün Heydər Əliyevə Anar müraciət edib. O, nə mümkündürsə, edib. Guya qəhrəman elədiyimiz yazarlar kimdir ki?

– Kimdir?

– Özünüz bilirsiniz. Yazıçılar Birliyi bu gün Anara görə var. O, bu gün olmasa, büdcədən qəpik də ayrılmaz. Yenə ev verirlər, pul ayırırlar. Heç olmamasından, bu yaxşıdır. Mən bu sahəyə yadam deyə, çox şey deyə bilmirəm, amma belə düşünürəm. Nədənsə, cavan yazarlar da məni çox sevmir.

– Ən çox da Kəramət Böyükçöl…

– Hə, Kəramətdir də. Hamının məni sevməyini istəsəydim, çox şey edərdim.

– Məsələn?

– Tutalım ki, cinsi azlıqları müdafiə edərdim.

– Siyasi baxımından da götürsək, yaşamaq haqqı var axı onların da…

– Biz deyirik ki, öldürək? Sözümüz odur ki, bu həyat tərzi təbliğ edilməsin. Avropanın bir çox ölkələrində spirtli içkini açıq formada içmək qadağandır. Niyə? Pis əməldir, yayılmasın deyə qarşısını alırlar. Hamı indi cinsi azlıqların günündə olsa, insanlıq necə inkişaf edəcək?

– Amma onlar həm də seçiciləriniz ola bilər…

– İstəmirəm, qardaş, onlardan gələn səs başlarına dəysin.

– Tural bəy, yaxınlarda Müsavatla bağlı qalmaqallı açıqlama verdiniz. Müsavatdan nə istəyirsiniz?

– Mənim onlarla problemim yoxdur. Bəziləri elə bilir ki, qurultaydan sonra getmişəm. Halbuki seçilməyəndən sonra iki il orada qalmışam. Qubad İbadoğlu səhəri gün istefa verib getmişdi. Əksinə, o iki ildə çox sıxışdırdılar bizi. Məni nəinki Divana, Məclisə belə seçmədilər. Seçkili strukturlardan tamamilə kənarlaşdırdılar. Çıxartmağa cəsarətləri çatmadı, amma özümüz gördük ki, o deyil. Jurnalistlərə deyirdilər ki, niyə Turaldan müsahibə alırsınız? Arif Hacılının komandasının yarısı mənim müavinlərim olub. Çıxanda da gurultulu bəyanat vermədik. Sakitcə getdik, partiyamızı yaratdıq. İsa Qəmbərə o vaxt təklif edirdim ki, iki dəfə başqan olmağı aradan qaldıraq, qalın axıradək, deyirdi yox, demokratik nümunə göstərirəm. Yaxşı, nə oldu indi? Partiya gərək bu günə qalaydı, ondan sonra qayıdaydı? Müsavat Vaqif Səmədoğlunu deputat olduğuna görə qovan partiya olub. Amma onu qovub, ondan yaxşı kimi gətirəcəksən? Elə Aynur Camalın özü. Necə seçilib? Digər deputatların necə seçilmişdisə, o da elə. Seçilib də, niyə özünə düşmən edirsən? Özün deyirdin, deputat ol – oldu da. Olandan sonra satılıb nədir? Erkin Qədirli bir söz dedi, cəmiyyət düşdü üstünə. O həmişə deyib ki, mən siyasətçi deyiləm. Düz deyir. Hüquqşünasdır. Hüquq məsələsində mən şəxsən onunla debata girmərəm. Erkin özü də çox səmimi adamdır. Amma siyasət məsələsində heç kim mənimlə rəqabətə girə bilməz.

– Elə hesab edirsiniz ki, Ağ Partiya Müsavatdan daha böyükdür?

– Siz necə hesab edirsiniz?

– Statistik baxımından deyirəm.

– Maraqlanın, onların hansı mənim kimi ortaya iş qoya bilsə, gəlsin meydana. Hamını özümə düşmən etmək istəmirəm, amma deyim də. Ədliyyə Nazirliyinə verdiyimiz sənədlər var – üzvlərin siyahısı. Mən sizə sənədləri göstərirəm, görün, neçə min adamla işləmişik. Düşünmürəm ki, bizdən yaxşı işləyə bilən olsun bu barədə. Ümumiyyətlə, neçə partiya bu mərhələni keçib? Son iki ildə 10 minə yaxın üzv qəbul etmişik.

– Müxalifət partiyasının Lider TV-nin keçmiş binasında ofisi niyə var? Adətən, müxalifətçi deyəndə adamın gözündə daim həbslərdə olan, təzyiqlər edilən şəxs dayanır, amma sizdə bir qədər belə deyil, sanki.

– Doğrudur, elə obraz canlanır. Amma elə olmalıdırmı? Bu gün Azərbaycan siyasətində nə İsa Qəmbər, nə də Əli Kərimli mənim qədər türmədə olub. Tarix var da. Mənim qədər sutkalıqda da olmayıblar. Nə də mənim qədər təqib olunmayıblar. Eyni sualı mən də verə bilərəm ki, AXC Sovet dönəmində qeydiyyatdan necə keçmişdi? “Lider”dəki ofisə gələk. Bizdən başqa burada 10 partiya var – AMİP-də buradadır, Pənah bəy də, Razi Nurullayev də, Fərəc Quliyev də, Elşad Musayev də və s. Bu dörd otaq bizə hansı şərtlərlə verilibsə, Müsavatın oturduğu 24 otaq da onlara eyni şərtlərlə verilib.

– Hansı şərtlərlə verilib?

– Əmlak Komitəsi ilə müqavilə imzalayırsan, vəssalam. Əgər “Lider”dəki ofisimiz sorğulanırsa, YAP-dan sonra ən böyük Müsavatdadır, sorğulansın o da. Eyni şərtlərdir də. Biz ayda 200 manat kirayə haqqı veririk, Müsavat 800. Hələ onlara bizdən on beş il əvvəl veriblər ofisi.

– Ağ Partiya üzvləri həbs olunmur…

– Mən üzvlərimizə deyirəm ki, konfiliktə girməyin, həbs olunmayın. Üzvlərimin həbsə girməyi ilə fəxr edən sədr olmaq istəmirəm. Beləsi də var, bilirik. Partiyaların terror təşkilatı kimi tanınmağını istəmirəm. Siyasətdə kamikadze anlayışı yoxdur. Bu günə qədər yanlış odur ki, adamlar siyasi cihada dəvət olunub. Bu gün partiya üzvlərinin nə qədəri iş adamıdır, şair, yazar, bəstəkardır? Amma təzə-təzə dövlət qurulanda hamısı partiya üzvü idi. Niyə dağılışdılar? Çünki onları seçim qarşısında qoydular. Əslində, bizim etdiyimiz normaldır. Deyirəm ki, Ağ Partiya və iş arasında seçim olsa, işi seçin. Həbs olsa, bizdən imtina edin. Burada məğlubiyyət də ola bilər, qələbə də.

İndi ağızlarına bir söz düşüb: “Avtobus müxalifəti”. Avtobusa minib hara getmişəm? Şuşaya getmişəm də: Brüsselə getmişəm, yoxsa Sorosun təliminə? Prezident Adminstrasiyasının siyasi partiyalarla iş üzrə şöbəsi – adı üstündədir də. Sədri ilə görüşəndə deyirlər, aha, satıldı. Mən bilmirəm, məsələn, bəziləri Əli Həsənovla görüşəndə nə alıb-veriblər, amma biz nə almışıq, nə də vermişik. Bəzi müxalifətin davası da budur. Ənənəvilər deyir, danışığı da bizimlə edin, Tural-filan kimdir?

– Tural bəy, hansı hadisə baş versə, siyasətdən gedərsiniz?

– Əvvəlki vaxtlarım olsaydı, deyərdim, məni heç bir şey yolumdan döndərə bilməz. Amma indi belə deyə bilmərəm. Ola bilər ki, siyasi nəsə baş verər, ailə məsələləri baxımından nəsə ola bilər, psixoloji durumum siyasətlə məşğul olmağa imkan verməz. Nə bilim, ola bilər nələrsə. Hələlik belə bir fikrim yoxdur. Mən siyasətə karyera kimi baxmamışam. Şəxsi dava etmirik, ideoloji davadayıq.

– Bəs siyasətdən getsəniz, nə işlə məşğul olacaqsınız?

– İndiyədək heç bir işlə məşğul olmamışam. Cəmi iki ay jurnalistikada praktika müddətim olub. 18 yaşım tamam olanda Müsavata üzv olmuşam. Belə baxıram, mənə pensiya da düşməyəcək.

– Bəs gəlir yeriniz haradandır? Ailə də saxlayırsınız, buradakı adamları maaşı…

– Müəyyən bir yaşdayam, əlaqələrim, dostlarım var. Belə də, mənim yaşamağım üçün nə böyük pul lazımdır ki? Maşınım belə yoxdur, villam da. Bəlkə də siz məndən yaxşı yaşayırsınız. Amma düşünürəm ki, Azərbaycanda siyasi fəaliyyət pulsuz olmalı deyil. Siyasəti ediblər ictimai fəaliyyət.

– Partiyanız da maaliyyələşmir?

– Xeyr. Parlamentdə təmsil olunmuruq deyə, maliyyə də ayırmırlar. Amma o da gülməli bir büdcədir onsuz da. Qanunvericiliyə görə bizneslə də məşğul ola bilmirik. Qrant almırıq. Bizdə ancaq üzvlük haqqı ola bilər. 2-3 ay üzvlük haqqı aldıq, onda da nə qədər adam çıxdı partiyadan. Tez dayandırdıq. İndi ianələr hesabına olduğunu deyə bilərik. Dostlarımız var. Partiyamızda gördüyünüz avadanlıqların çoxu kreditlə alınıb. Gündəlik 15-20 adam gəlir bura. Elə deyən adamlara demək lazımdır ki, yarat bir təşkilat, görək pulsuz neçə adam işlədə bilərsən?

– Hansı partiyanı “cib müxalifəti” hesab edirsiniz?

– Heç birini. Bu, məncə, arxayik düşüncə tərzidir. Azərbaycandan başqa heç yerdə bunu demək olmaz.

Teqlər: