BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasında (COP29) iştirak edəcək əcnəbilər üçün xüsusi viza müraciət sistemi işə salınıb.
AzerTimes xəbər verir ki, müvafiq məlumat COP29-un rəsmi internet portalında dərc edilib.
Qeyd edilib ki, əcnəbi iştirakçılar Azərbaycana birdəfəlik giriş vizası əldə etmək üçün sözü gedən sistemin xidmətlərindən istifadə edə bilər. Onlar Azərbaycanı tərk etmək və COP29-un davam etdiyi günlərdə yenidən geri qayıtmaq istəyərsə, bu halda bir daha UNFCCC-nin təqdim etdiyi qeydiyyat nömrəsindən istifadə edərək, viza müraciəti prosesini təkrarlamalıdır.
İştirakçıların qeydiyyatı UNFCCC-nin onlayn qeydiyyat sistemi vasitəsilə təsdiqləndikdən sonra onlara e-poçtla UNFCCC qeydiyyatını təsdiqləyən viza üçün müraciət linki göndəriləcək. Saytdakı məlumatda diqqətə çatdırılıb ki, bu məqsədlə Azərbaycana gələcək əcnəbilərin pasportları aktiv olmalı, etibarlılıq müddəti ölkəmizin ərazisinə daxil olduqları tarixdən azı 6 ay sonrakı dövrü əhatə etməlidir.
İştirakçılara göndəriləcək xüsusi elektron viza formasında sözügedən sənədin verilmə müddəti qeyd olunacaq. Orada əks edilən məlumatlarda viza sənədinin 30 noyabr 2024-cü ilədək qüvvədə olması göstəriləcək.
“COP29 xüsusi vizasında vizanın verilmə tarixi qeyd ediləcək və bu viza 30 noyabr 2024-cü il tarixinədək etibarlı olacaq.
Viza sahibləri Azərbaycan Respublikasına bu tarixdən əvvəl daxil olmalıdırlar”, – məlumatda bildirilib.
Vizanın əldə olunması üçün hər bir iştirakçı link vasitəsilə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədlərin elektron versiyalarını təsdiq məqsədilə portala yükləməlidirlər:
“Müraciət təsdiq edildikdən sonra COP29 xüsusi vizanızı vebsaytdan yükləməyiniz üçün sizə vizanızı təsdiq edən e-poçtla link göndəriləcək. İştirakçılara UNFCCC-də qeydiyyat təsdiqləndikdən dərhal sonra COP29 xüsusi vizası üçün müraciət etmələri tövsiyə olunur. Vizanın statusunu izləmək üçün UNFCCC qeydiyyatını təsdiq edən e-poçtdakı viza portalı linkindən istifadə edilməlidir”.
Həmçinin iştirakçılar vizaların verilməsi ilə bağlı suallar üçün visas@unfccc.int elektron poçt ünvanına müraciət edə bilərlər.