Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil
Nəqliyyatı Xidməti işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi
müntəzəm avtobus marşrutları üzrə bu gün sayca 71-ci reysi həyata
keçirdi. Yanvarın 24-dən indiyədək Şuşa və Ağdam istiqaməti üzrə
ümumilikdə 3196 sərnişin səfər edib. Vətəndaşların öz doğma
torpaqlarına gediş-gəlişi uğurla təmin olunub.
Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, marşrutların təhlili, həmçinin vətəndaşların
çoxsaylı müraciətləri və tələbat nəzərə alınaraq mart ayında –
Novruz bayramı günlərində Bakı-Şuşa-Bakı istiqamətində avtobus
reyslərinin hər gün həyata keçirilməsi qərara alınıb.
Biletlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq
marşrut proqramı ilə inteqrasiya olunmaqla yaradılan www.yolumuzqarabaga.az portalı
üzərindən onlayn qaydada satılır.
Bugünkü səfər sərnişinlər üçün xüsusi əhəmiyyət kəsb edirdi.
Çünki onlar 30 il Novruz tonqallarına həsrət qalmış Ağdam rayonuna
bayram etməyə gedirdilər.
Sərnişinlərin yol boyu müşahidə etdiyi mənzərələr bunlar idi:
dağıdılmış evlər, məhv edilmiş infrastruktur, minalanmış
ərazilər.
Ağdamın talan edilməsi, xalqımızın tarixi, mədəni irsini yer
üzündən silmək cəhdi, evlərə, abidələrə, hətta qəbirlərə,
məscidlərə qarşı törədilmiş terror erməni vəhşiliyinin sərhəd
tanımadığını bir daha nümayiş etdirir.
Düşmən nə qədər çalışsa da, hər qarışı tarix olan Ağdamda
Azərbaycan ruhunu məhv edə bilməyib. Hazırda bu ərazilərdə
quruculuq işləri gedir.
Bu gün Ağdam sərnişinləri bayram ab-havasında qarşıladı.
Alovlanan tonqal hər kəsə qürur və sevinc hissləri yaşatdı.
Nəhayət, xalqımızın Novruz bayramını Qarabağda qeyd etmək arzusu
reallaşdı.
Ənənəyə görə, bu bayramda hər kəs öz evində olmalı, Novruzu
doğma ocağında qeyd etməlidir. Xalq içində deyərlər: “Əgər Novruzun
ilk günü öz evində olmasan, yeddi il evinə həsrət qalacaqsan”. Biz
də Novruzu evimizdə – Qarabağda, Ağdamda qeyd etdik. Tezliklə
Qarabağın sakinləri öz doğma ata-baba yurdlarına qayıdacaq və əbədi
olaraq bu torpaqlarda yaşayacaqlar.