Azərbaycan Televiziyası Novruz bayramı günlərində yeni sənədli filmin təqdimatını edəcək.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Bir başqa yaz” adlı film Vətən müharibəsindən əvvəl cəbhəyanı kəndlərdə və şəhərlərdə sakinlərin həyat tərzindən, gündəlik yaşamından bəhs edir.
Filmdə münaqişə dövründə düşmənin atəşkəsi pozması nəticəsində ən çox ziyan çəkmiş rayon və kəndlərdə – Tovuzun Dondar Quşçu, Əlibəyli kəndlərində, Tərtərdə, Goranboyun Tapqaraqoyunlu kəndində çəkilişlər aparılıb.
“Bir başqa yaz” sənədli filmində müxtəlif sahələr üzrə fəaliyyət göstərən qəhrəmanların həyatı əks olunub. Onlar Vətən müharibəsindən əvvəlki və 4 ay sonrakı həyatını danışır.
Onlardan bəziləri Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində evsiz qalıb, Prezident İlham Əliyevin sərəncamları ilə onlar üçün evlər tikilib. Filmin qəhrəmanları bu Novruz bayramını yeni evlərində, güllə səsi olmadan qeyd etdikləri üçün sevinclərini dilə gətiriblər.
Qəhrəmanlardan biri bu bayramın düşərli olduğunu deyir: “Güllə atılanda bilmirdik haraya qaçaq. Bayram süfrəmiz ortada bəzəkli, bişirdiyimiz stolda qalırdı”.
Digər qəhrəman isə indi rahat şəkildə bir yerə yığışdıqlarını, bayramı bayram kimi qeyd edə bildiklərini dilə gətirir.
Sənədli filmdə Prezident İlham Əliyevin Tərtərə səfəri zamanı görüşdüyü şəhər sakini Maya Səfərova da fikirlərini bölüşüb.
Azərbaycan Televiziyasının təqdim etdiyi “Bir başqa yaz” sənədli filmi həm də Novruz bayramını, elimizin bu bayramla bağlı adət-ənənəsini tamaşaçıya çatdıracaq.
Film 20 mart saat 21:00-da AzTV-də yayımlanacaq.