Onkoloji xəstələr COVID-19 vaksini vurdura bilər?

Xəbər - Humay Ağacanova – Trend:

Yaxın zamanlarda əməliyyat keçirən, yaxud əməliyyatdan sonrakı dövrdə olan onkoloji xəstələr vaksin oluna bilməz.

Trend xəbər verir ki bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq Azad Kərimli deyib.

O qeyd edib ki, yaşından, maddi durumundan və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq onkoloqun görüşünə gələn hər kəs həkimdən dəhşətli bir xərçəng diaqnozu eşitməkdən ən çox qorxur, ancaq onkologiyadan da təhlükəli xəstəliklər var.

“Bütün dünyada hazırda koronavirus tüğyan edir, o cümlədən də bizim respublikamızda. Hazırda bütün dünya peyvənd olunur. Ölkəmizdə aparılan vaksinasiya prosesi dünyada aparılan uğurlu vaksinasiya kampaniyalarından biridir. Təəssüf ki, bəzən sosial şəbəkələrdə “ekspertlər”in səsləndirdiyi əsassız fikirlər insanları çaşdırır. Hesab edirəm ki, vətəndaşlar rəsmi səhiyyə qurumlarının təmsil edən ekspertlərinin tövsiyələrinə əməl etməlidirlər. Sürətlə yayılan virusdan qurtulmaq istəyiriksə, vaksinasiya prosesində aktiv iştirak etməliyik.

O ki qaldı onkoloji xəstələrin peyvəndləməsi ilə bağlı suala, bildirmək istəyirəm ki, yaxın zamanlarda əməliyyat keçirən, yaxud əməliyyatdan sonrakı dövrdə olan onkoloji xəstələr vaksin oluna bilməz. Həmçinin kimyaterapiya müalicəsi alan, ya da hal-hazırda şüa terapiyası şöbəsində müalicə olunan onkoloji xəstələrə vaksin tövsiyə olunmur. Müalicə bitdikdən sonra onlar da peyvənd oluna bilərlər. O cümlədən də pasient uzun müddətdir onkoloji xəstə kimi qeydiyyatdadır, niyə peyvənd olunmasın? Hesab edirəm ki, mütləq COVID-19-a qarşı peyvəndlənməlidir”, – deyə o bildirib.

Teqlər: