Ona deyirəm ki, yenə olsa, bir daha güləşərəm – Heydərov

Ona deyirəm ki, yenə olsa, bir daha güləşərəm – Heydərov

Sevincimdən bütün gecə yata bilməmişəm. Ağır döyüşlər keçirməyimə baxmayaraq yorğunluq hiss etmirəm. Çempionluq mənə enerji verib. Hətta müəllimim Elnur Məmmədliyə deyirəm ki, yenə olsa, bir daha güləşərəm.

AzerTimes Azərtac-a istinadla xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov deyib.

Olimpiya çempionu 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançılar arasındakı rəqabətdən bəhs edib:

“Hər idmançı olimpiada kimi vacib turnirə ciddi hazırlaşır. Amma 73 kiloqramda çıxış edən bütün cüdoçular mənə fokuslanmışdı. Çünki mən bu çəkidə dünya reytinqinin ilk pilləsindəyəm. Bununla yanaşı, may ayında dünya çempionu tituluna da yiyələndiyim üçün rəqiblərim mənə böyük təhlükə kimi baxırdılar. Hər biri mənimlə döyüşə olduqca ciddi yanaşırdı. Elə rəqiblərim var idi ki, digər turnirlərdə dəfələrlə məğlub etdiyim halda, Olimpiadada onlarla yarışmaq çətin oldu. Özümə çox inanırdım. Amma bilirdim ki, heç vaxt arxayınlaşmaq olmaz. Çünki mənim yarışımdan bir gün öncə 52 kiloqramda lider olan cüdoçu uduzdu. Ona görə bir az içimə qapandım və fikirləşdim ki, çox riskə getmək olmaz”.

“Şanslıyam ki, yanımda Elnur Məmmədli kimi təcrübəli bir Olimpiya çempionu var. Düşünürəm ki, illər öncə o da özü kimi birindən dəstək alsaydı, yenidən çempion ola bilərdi. Çox xoşbəxtəm ki, yanımda belə bir insan var. Məndə demək olar ki, hər şey hazır vəziyyətdə idi, potensialım da yüksək idi. Amma o, mənim bu sahədə ən yaxşı olmağıma səbəb oldu”, – deyə 28 yaşlı idmançı vurğulayıb.

Xatırladaq ki, olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan H.Heydərov birinci görüşdə İsrail idmançısı Tohar Butbulu, dörddəbir finalda isə kanadalı Artur Margelidonu ipponla məğlub edib. O, yarımfinalda kosovolu Akil Qyakovaya, finalda isə fransalı Con Benjamin Qabaya qalib gələrək Olimpiya çempionu adını qazanıb.

Teqlər: