Ömrümüzü Azərbaycan uğrunda qoyduq – Qaradağlılar

Ömrümüzü Azərbaycan uğrunda qoyduq – Qaradağlılar

İsveçdə yaşayan milli fəal, Milli Qurtuluş Hərəkatının rəhbəri Eldar Qaradağlı və onun həyat yoldaşı milli fəal Azər xanım Fərruxinin AzerTimes-a müsahibəsi:

– Azər xanım, illərdir Bakıya gəlmirdiniz. Bu, nə ilə əlaqədar idi?

– Bakıya 18 ildən sonra yenidən gəlirəm. İlk dəfə 1995-ci ildə gəlmişdik. 2005-ci ildə Bakıdan gedənəm. Bura çox dəyişib, daha da inkişaf edib. İnanılmaz şəkildə dəyişib. Müəyyən səbəblərdən gələ bilmirdim. Ailə qayğıları və iş mane olurdu. Lakin Bakıya sevgi, məhəbbət həmişə olub.

– Bakıya ilk səfərinizdən sonrakı təəssüratınız maraqlıdır…

– Həyat yoldaşım Eldar bəy İranda həbsdən çıxandan sonra iki-üç gün ərzində qərar verdik ki, övladlarımızı da götürüb buranı tərk edək. Bilirdik ki, Eldar bəyi bir neçə dəfə tutmuşdularsa, yenə zindana atacaqlar, davamlı olacaq. Bu əziyyəti özüm, ailəm və uşaqlarım da görəcək. Odur ki, evimizi Təbrizdə qoyub Bakıya gəldik.

– Güneydəki eviniz üçün darıxırsınız?

– Evimiz üçün darıxıram. Gedib görmək istəyərəm. Lakin bilirəm ki, bu, mümkün deyil. Rejimin siyasəti belədir ki, bizim kimi fəallar üçün həmişə təhlükə var. Nəinki biz, hətta övladlarımızın ora getməyi təhlükəlidir. Odur ki, evimizi gedib, görə bilmərik. Xatirələrimizdə qalıb. Hərdən “Quql məp”də baxırıq. Təbrizin küçələrini dolanırıq. Belə yad edirik.

– Hər zaman Eldar bəyin yanında olmusunuz. Yoldaşınıza dəstəyiniz indi də davam edir?

– Təbii, elədir. Əslində, çox ağır yoldur. Həm də hər insan bu cür olmur. Yorulmadan həyat yoldaşının yanında olsun, məsuliyyət daşısın və yolundan dönməsin. Daima torpağını, Vətənini düşünsün. Amma zamanla, insan yaşa dolduqca çalışır ki, bu məsuliyyəti gənc nəslə də ötürsün. Odur ki, fəaliyyətimiz davam edir. Biz indi qürbətdəyik və gördüyümüz iş isə uşaqlarımıza torpaq sevgisini, varlığımızı, mənliyimizi aşılamaqdır. Qürbətdə olsaq da bir-birimizin pis-yaxşı günündə yanında olmağa çalışırıq. Əsas odur, övladlarımız dillərini, əziz günlərimizi bilsinlər.

– Övladlarınız da sizin kimi mübarizə yolunu seçiblər?

– Üç qızım var, ailə qurublar. Beş nəvəm var. Qızlarım daima bizi dəstəkləyirlər, mübarizəmizi anlayırlar.

– Adınız maraqlıdır. Bu adın sizə verilməsinin xüsusi anlamı varmı?

– Atam Pişəvəri zamanında gənclik qolunun bir üzvü idi. Mən də 21 Azərdə (12 dekabr) anadan olmuşdum. Bu səbəbdən də atam adımı Azər qoyub.

– Qarşıdan 21 Azər gəlir. Yaşadığınız İsveçdə bununla bağlı tədbirlər təşkil edəcəksiniz?

– Əslində, olmalı idi. Lakin tədbirlər dekabrın 9-da nəzərdə tutulub. Məkanı o gün üçün ayırıblar. Biz isə Bakıda olacağımız üçün bu tədbirlərdə iştirak edə bilməyəcəyik. Amma orada olan dəyərli dostlarımız tədbirlərə qatılacaq və o günü mütləq yad edəcəklər.

– Eldar bəy, siz necə, Azər xanımın dəstəyini hiss etmisinizmi?

– Bizim ilk tanışlığımız siyasi həyatımızla bağlıdır. Elə siyasi həyatımız da ortaq olaraq başlayıb. Bizdə – Təbrizdə istər siyasi, istər milli, istər din adamı olsun, mübarizələrini dağlara çəkilməklə aparırlar. Çünki dağ azadlıq, ucalıq və uçmaq deməkdir. Bizim də həyatımızın çoxu dağlarda keçib. Mənim Təbrizdə Pərviz Zare adlı dostumla bir kitab mağazamız var idi. Azər xanım da ora tez-tez gəlirdi. Orada tanış olduq. Bundan sonra evlənməyə, ortaq həyatımızı davam etməyə qərar verdik. O zamandan etibarən çiyin-çiyinə mübarizə aparmışıq. Azərbaycanın Qurtuluş Təşkilatının və uşaq bağçasının təsisində Azər xanımın və dostlarımızın böyük rolu olub. O zamanlar biz Təbrizdə qaçaq uşaq bağçası yarada bildik. Qaçaq dedikdə, yəni gizli fəaliyyət göstərirdi. Rejimin nəzərindən uzaq 3 il yarım biz oranı idarə etdik. Bu illər ərzində yüzlərlə azərbaycanlı ailəni bir-birinə kilidlədik. Uşaqları bir-biri ilə dostlaşdırdıq, milliləşdirdik. Əlimizdən gələni etdik. 1986-cı illərdən bəhs edirəm.

– Uşaqların milliləşməsində bağçanın rolu nədən ibarət idi?

– Azərbaycan dili, musiqi, rəqs, uşaq psixologiyası ilə bağlı dərslər keçirilirdi. Fərqli atmosferdə fəaliyyətlərimiz olurdu. Sonra bu fəaliyyətlərimizi gənclərə təhvil verdik. Biz daha çox siyasiləşdik. 1992-ci ildə doktor Zehtabi, Həsən bəy Dəmirçi kimi ziyalılarımızla Qurtuluş Təşkilatını yaradanda Azər xanım da bizimlə birgə olub. İndiyə kimi də bu hərəkatın içindədir. Birlikdə hərəkət edirik. Umuram ki, son nəfəsimizə kimi bu millətə, bu bayrağa, bu dövlətə vəfalı qalacağıq.

– Birlikdə sizin kimi milli mübarizəyə qoşulan ailələrin sayı çoxdur?

Azər: Var, əlbəttə. Güneydən bizim kimi ailələr var ki, fəaliyyətlərini gecə-gündüz demədən Vətənin azadlığına həsr edib. Xanımı da, bəyi də mübarizə aparırlar. Bir-birimizi görəndə dərdləşirik. Bəzən toplantılarda, aksiyalarda iştirak edirik, qarşılaşırıq. Qürbətdə elədir ki, insanlar gərək bir-birinin yanında ola. Müxtəlif düşüncə tərzindən asılı olmayaraq, əgər Vətənlə bağlı mübarizənin içindəsənsə, gərək bir-birimizi dinləyək. Həyat fikir alış-verişindən ibarətdir.

– Azər xanım, güneyli xanımları bu mübarizədə aktiv hesab etmək olar?

– Qürbətdə olan güneyli xanımlar siyasi həyatda fəal olmasalar da, öz mədəniyyətini, adət-ənənələrini yaşatmaqla Vətənə xidmət edirlər. Musiqimiz, dilimiz, milli yeməklərimizi daim təbliğ etməyə, yaşatmağa çalışırlar. Lakin siyasi mübarizədə öndə deyillər. İçəridə – Güneydə isə bizim xanımlarımız daha fərqlidir. Sosial şəbəkələrdə paylaşdıqları videolardan görünür ki, onlar necə cəsarətlidirlər. Vətənpərvər şeirlər səsləndirir, milli varlıqlarına sahib çıxırlar. Dilimizə, tariximizə daha yaxşı bələddirlər. Cavandırlar, düzdür, lakin böyüklərindən dərslər alıblar. Bizim çox gözəl ziyalı xanımlarımız, yazarlarımız var. Aralarında siyasi mübarizə aparanlarımız çoxdur. Lakin yolumuzun hamar olmasından ötrü xanımlarımızın daha da aktiv olmasına ehtiyacımız var. Söhbət onların övladlarını necə yetişdirməyindən, hansı ruhda böyütməyindən gedir. O uşaqlar mənliklərinə, kimliklərinə sahib çıxsalar, bu rol birə yüz artar.

– Eldar bəy, xanımlarımızın cəmiyyətdəki fəallığı sizi qane edir?

– Yox, etmir. Dünya ölkələrindən çox geridəyik. İstər Güneydə, istər Quzeydə. Doğrudur, Quzeydə yavaş-yavaş gənclərimiz sosial-ictimai işlərdə aktiv olmağa səy göstərirlər. Elə maşın sürməyin özü bir sosial hərəkətdir. Bu, çox gözəldir, amma kifayət etmir. Gələcəyimizi təmin etmək istəyiriksə, Azərbaycanımızın parlaq gəcəyini görmək istəyiriksə, qadınlarımızın üzərində çalışmalıyıq. Sevinirəm, müşahidə edirəm ki, gənc bir xanımın danışıqları daha siyasidir. Məişət söhbətlərindən daha çox, ictimai-siyasi həyatda baş verənləri müzakirə edir, bu barədə öz fikirlərini bildirirlər. Budur önəmli. Dövlətimiz də gənc xanımlara daima şərait yaratmalıdır.

Əminəm ki, qızlarımız daha güclü və qüdrətli olacaqlar.

– Azər xanım, Eldar bəylə, siyasi fikirlərinizin üst-üstə düşmədiyi məqamlar olur?

– Evdə müxalifət mənəm (gülürlər). Ailədə danışanda deyirəm ki, Eldar bəy iqtidardır, mən isə müxalifət. Lakin milli məsələlərdən danışanda fikirlərimizin 80 faizi üst-üstə düşür. Çünki biz eyni əqidənin, fikrin daşıyıcıları olmuşuq, belə də davam edirik. Aramızda ziddiyət olsaydı, yəqin ki, bir arada da olmazdıq. 42 ildir evliyik. Fikirlərimiz, hisslərimiz, üst-üstə düşüb ki, bu qədər yol gələ bilmişik.

Eldar Qaradağlı: Həyatda məmnun olduğum məqamlardan biri həyat yoldaşımın mənimlə həmfikir və eyni düşüncədə olmasıdır. 1997-ci ildə Bütöv Azərbaycan Birliyi yarananda Elçibəy 6-7 namizəd xanımın arasından Azər xanımı müavin seçdi. Gözləmirdik, namizədlər arasında tanınmış xanımlar var idi. Lakin Elçibəy məhz Azər xanımı öz müavini olaraq görmək istədi. Elçibəy böyük şəxsiyyət idi. Onun BAB-da yeganə xanım müavini Azər xanım idi. O zaman hiss elədim ki, biz nə qədər yaxın və bir yolda gedən insanlarıq. İnsanlar bizi nümunəvi həyat yoldaşı və yol yoldaşı kimi qəbul edirdi. Bu baxımdan, özümü çox xoşbəxt hiss edirəm. Çünki yürüdüyüm yolda arxamı dayayacağım bir dağ var. Mən onun həyat yoldaşı kimi xüsusiyyətlərindən danışmıram, o öz yerində. Azər xanımın yol və əqidə yoldaşı olaraq keyfiyyətlərini qiymətləndirirəm. Hər şeydən öncə bir anadır, nənədir. Bu sözləri hər zaman etiraf etmərəm və dilə gətirən insan deyiləm. Lakin övladlarımın belə anası olduğu üçün nə qədər xoşbəxt olduqlarını görürəm, hiss edirəm və bunu deməliyəm. Təkcə, ailəsi, övladları deyil, ətrafdakılara, dostlarına qarşı da eyni həssaslıq və canıyananlıq müşahidə etmişəm. Səmimi, sadə, təmiz və yalandan uzaq insan olduğuna görə, mən də çox şeylər öyrənirəm.

– Güney Azərbaycanla bağlı arzularınızdan danışardınız…

Azər: Biz və bizim böyüklərimiz ömrümüzü Güney Azərbaycan uğrunda qoyduq. Güneyin müstəqilliyi, Bütöv Azərbaycan indi bir arzu kimi görünsə də, gələcəkdə mütləq olacaq. Nə zaman olacaq, bilmirəm. Bu, bizim üçün niyə önəmlidir? Çünki əvvəldən bir millət idik, böyük güclərin əli ilə ikiyə bölündük. Yarımız Bu tayda, yarımız O tayda qaldı. Mənim ata-anam Quzeydən Güneyə gedib. Evdə danışanda “azərbaycanlıyıq” demişik. Bu kəlmənin içində həm Güney var, həm Quzey. Güneydə əski əlifba keçərlidir. Sevindirici haldır ki, cavanlarımız əski əlifba ilə yanaşı, latın əlifbasında da yazıb-oxuya bilirlər. Bu, elə bütövlüyün bir təməlidir. Ən əsası budur ki, Güneydə yaşayan insanlar haqq və hüquqlarını bilir. Baxmayaraq ki, zor şərtləri olan bir dövlətdə yaşayırlar. Asır, kəsir, itirir və tutur. Lakin orda yaşayan insanlar bu şərtlərə rəğmən öz vətənlərini tərk etmək istəmir və çabalıyırlar. Gizlin də olsa, ağır da olsa, yoxsul da olsalar torpaq, vətən yolunda mübarizə aparırlar. Bu da gələcəyin çox gözəl olacağını göstərir.

Baxmayaraq ki, xaricdə yaşayırıq, biz içərinin səsiyik. Mübarizə aparan soydaşlarımızın səsini dünyaya çatdırmalıyıq. Bu bizim işimizdir və əlimizdən gəldiyi qədər etməliyik. Çünki onlar xaricdə yaşayanlar kimi sərbəst şəkildə fəaliyyət göstərə bilmirlər.

Teqlər: