“Omikron” ştammının sürətlə yayılması yaz aylarına qədər davam edə bilər

Xəbər - Fərid Zöhrabov -Trend:

Ölkəmizdə koronavirusun “omikron” ştammının sürətlə yayılması aprel ayına qədər davam edə bilər.

Bunu Trend-in sualına cavab olaraq infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

O qeyd edib ki, “omikron” ştammının ölkəmizdə yayılmasından sonra virusa yoluxanların sayında artımın olacağı əvəlcədən proqnozlaşdırılırdı.

“Dünyanın hansı ölkəsində “omikron” ştammı yayılırdısa, həmin yerdə virusa yoluxanların sayında artım olurdu. Virusun bu növünü o biri ştamlardan fərqləndirən əsas cəhət sürətlə yayılmasıdır. Ölkəmizdə “omikron” ştammının yeni yayılmasına baxmayaraq, virusa yoluxanların 40%-i koronavirusun bu növünə yoluxub.


Qış fəsli pandemiyanın əsas dövrüdür. Əvvəlki illərdə olan yoluxma dalğaları gözlənilmir. Çünki ölkəmizdə xəstəliyə yoluxub sağalanların və vaksin olunanların sayı kifayət qədərdir. Bu da o deməkdir ki, ölkəmizdə kollektiv immunitet formalaşıb. Bütün bunlara baxmayaraq, ara məsafəsi və gigyenik qaydalara riayət edilməlidir”

İnfeksionist onu da qeyd edib ki, yaz fəslinə doğru infeksiyaya yoluxanların sayında azalma olacaq.

Qeyd edək ki, bu günə olan məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 068 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər isə vəfat edib.

Teqlər: