Omikron ştammından yeganə xilas yolu üçüncü dozanı vurdurmaqdır – Həkim

XXI əsrin bəlası – Covid-19 infeksiyası və yeni yaranmış
ştamları dünya ölkələri arasında sürətlə yayılmaqdadır. Virusun
uzun inkubasiya dövrünün olması, yayılma sürəti və insan tələfatı
ilə nəticələnməsi dövlətləri ciddi tədbirlər görməyə sövq edir.
Covid-19 -un pandemiya elan olunduğu ilk günlərdən bu yoluxucu
xəstəliyin yayılmasının məhdudlaşdırılmasına və aradan
qaldırılmasına, əhali arasında xəstələnmə və ölüm hallarının
qarşısının alınmasına yönəldilmiş tədbirlərlə yanaşı ,dövlətimiz
virusun geniş yayılmaması, daha çox təhlükəli fəsadlar yaratmaması
üçün insanları Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət
etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və
təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaradılmış Nazirlər
Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və
müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırır. Bu çağırışın
əsasında isə ölkə əhalisinin peyvəndlənməsi durur.

Ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə
əhalinin peyvəndlənməsi prosesinin yüksək keyfiyyətlə təşkil
edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Peyvəndləmə üçün
ayrılmış tibb məntəqələrində qeydiyyat, peyvənd və
postvaksinal-gözləmə otaqları yaradılıb. Və bütün otaqlar zəruri
tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib. Müstəqil Dövlətlər
Birliyi ölkələri arasında peyvəndləmə səviyyəsi baxımından birinci
yerlərdən birini tutan respublikamızda Ümumdünya Səhiyyə Təşkilatı
tərəfindən təsdiqlənmiş Sinovac, AstraZeneca, Sputnik və.s kimi
geniş vaksin seçimi yaranmış və vaksinasiya prosesi könüllü olaraq
dövlət hesabına aparılır.

Dünyada müşahidə olunan tendensiyalar COVİD- 19 pandemiyası ilə
mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərini
görülməsini zəruri edir. Belə ki, peyvəndlənmədən bir müddət sonra
qorunma səviyyəsi zəiflədiyindən immunitet reaksiyasını yenidən
gücləndirmək, peyvəndin effektivliyini artırmaq lazım gəlir. Bu
mənada, vaksinin üçüncü dozası olan Buster dozası effektliyi ilə
seçilir. Yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də
COVİD -19-la bağlı hospitalizasiya və ölümləri azalda bilən üçüncü
doza virusla savaşan anticisimləri daha öncəki dozalardan üç dəfə
artıq gücləndirir. ÜST-ə və Kanadanın müvafiq qurumuna əsasən
Buster dozasının istifadəsi immunsupressiv hallarda və ən çox
həssas qruplarda məqsədəuyğun hesab olunur. Buster dozanın
əhəmiyyətini ABŞ Xəstəliklərin Profilaktikası və Kontrolu
Mərkəzlərinin və İngiltərənin Milli Səhiyyə Xidməti də təsdiqləyir.
Tədqiqatlara görə Buster dozası almış şəxslərdə yoluxmadan qorunma
11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artmışdır.

Son günlərin statistikası göstərir ki, COVİD-19-un yeni ştamı
Omikron ölkəmizdə çox sürətlə yayılır. Koronavirusun bütün dünyada
yayılan və ölkəmizdə də qeydə alınan “Omikron” ştammı insanlarda
qorxu yaradır. Sağlam yaşamaq, zəmanəmizin bəlası sayılan bu
yoluxucu xəstəliyin ağır fəsadları ilə üzləşməmək üçün isə
peyvəndlənmə əsas vasitədir.

Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiz terapiya
şöbəsinin anestezioloq-reanimatoloqu Mehdi Əliyev pandemiya ilə
mübarizədə peyvəndin rolu, koronavirusun yeni ştamları ilə mübarizə
yolları barədə məlumat verərək bildirdi ki, COVID-19 infeksiyası
əleyhinə istifadə edilən peyvəndlər orqanizmi bu virusdan qoruyan
anticimlər yaradır. Lakin müəyyən vaxt keçdikdən sonra anticisimlər
azalmağa başlayır. Bu səbəbdən iki doza vaksin aldıqdan 6 ay sonra
növbəti doza-“Buster” vurulmalıdır. Bununla yanaşı, koronavirisin
yeni ştamına yoluxmamaq üçün, özünüzü, ailə üzvlərinizi və
ətrafınızda olan insanları qorumaq üçün karantin qaydalarına ciddi
riayət etmək lazımdır. Yeni növ koronavirusun istənilən ştamı ilə
mübarizə üsulları eynidir : qapalı və toplu insanlar olan
məkanlarda maska taxmaq, əl gigiyenası qaydalarına ciddi riayət
etmək, ara məsafəsinin saxlamaq, peyvəndlərin vaxtında vurdurmaq.
Əgər 6 ay tamam olubsa bu halda buster dozanın vurulması çox
vacibdir.

Xüsusilə qeyd etmək istəyirəm ki, peyvəndin birinci və ikinci
dozaları kimi, üçüncü- Buster dozanın tətbiqi olduqca önəmlidir.
İnsanlar vaxtında gücləndirici dozaları vurdurmaqla özlərini
koronavirusun yeni ştamlarından qoruya bilir və ya yoluxduqda
ağırlaşma olmadan ev şəraitində müalicə almaqla əvvəlki həyat
şəraitinə dönə bilirlər.

Bu gün çox geniş yayılan, koronavirusun yeni ştammı olan
“omikron”un yüngül keçməsində peyvəndin böyük rolu var.
Peyvəndlənmə sayəsində xəstələr daha çox evdə müalicə alırlar. Qeyd
edim ki, artıq dünyanın 40-dan çox ölkəsində yayılan “omikron”un
yeni yarımnövü – BA.2 də çox yolxucudur. BA.2 çox sürətlə hətta
“omikron”dan da sürətlə yayılır.

Ümumdünya Səhiyyə Təşkilatının virusun gələcək həftələrdə daha
şiddətli xarakter alacağı, daha geniş yayılacağı ilə bağlı
xəbərdarlığı yenidən peyvəndləmənin vacibliyini aktuallaşdırır.
Çünki peyvənd olunmuş insanlarda artıq koronavirusa qarşı immunitet
yaranır və bu səbəbdən onlar virusa yoluxma halında xəstəliyi ya
asimptomatik, ya da çox asanlıqla keçirəcəklər.


“Omikron”la bağlı qorxu onun daha yoluxdu­rucu olmasıdır. Əvvəl
bir xəstə 10 nəfərin arasında birini yoluxdururdusa, indi bu say
5-8 nəfərə çatır. Eyni zamanda, bədənimizdə COVID–19 virusuna qarşı
yaranmış anticisimlər bir qədər də rezistentlik qazanıb. Qısa
müddətdə yoluxma sayında yüksək artım hamıda təşviş doğurmağa
başlayıb. Lakin bu ştammın törətdiyi xəstəlik ağır gedişə malik
olmur. Yuxarı tənəffüs infeksiyalarında bir çox klinik əlamətlər
oxşardır. Həkimlər ona soyuqlama əlamətləri deyirlər. “Omik­ron”
nisbətən yüngül gedişə malik olması ilə xarakterizə olunduğundan
onu qripdən fərqləndirmək bir qədər də çətinləşib.

Onun COVID – 19 olub-olmadığını yalnız xüsu­si testlərlə müəyyən
etmək mümkündür. Əslində, xəstənin hansı ştamma yoluxması­nın
klinik cəhətdən əhəmiyyəti yoxdur. Testin pozitiv olması
kifayətdir. Hamı bilməlidir ki, yuxarı tənəffüs yollarının
infeksiyaları qışda aktivləşir. Bu, soyuq havanın təsiri altında
bizim yuxarı tənəffüs yollarımı­zın yerli müdafiə qabiliyyətinin
azalması ilə əlaqəli olan təbii bir prosesdir. Özünü qoruyan
insanlarda respirator infeksi­yalar müşahidə olunmur. Bunun üçün
maska taxmaq vacib şərtdir.

Lakin koronovirusla mübarizənin ən optimal yolu peyvənd
olunmaqdır. Virusa yoluxanların arasında yalnız peyvənd olunanlar
xəstəliyi yüngül keçirirlər. Buna görə də hər kəs vaksin vurdurmaq
barədə ciddi düşünməlidir.

Vətəndaş PCR testinin müsbət nəticəsini aldıqdan sonra evdə
özünü təcrid etməlidir. Xəstəlik boyu mümkün qədər çox maye içmək
lazımdır. Yüksək temperatur varsa, qızdırmanı aşağı salan dərmanlar
qəbul etmək tövsiyə olunur. Öskürək əleyhinə dərmanlara gəlincə,
onları nisbətən qısa müddətə qəbul etmək olar. Heç bir dərman
vasitəsi ilə keçməyən yüksək hərarətiniz varsa, döş qəfəsində
ağrılar , nəfəs darlığı və hava çatışmazlığı hiss edirsinizsə,
dəriniz mavi rəngə çevrilibsə, dərhal həkimə müraciət
etməlisiniz.

Virusun yayılma həcmini azaltmaq istiqamətində dövlət tərəfindən
görülən tədbirlərə dəstək verməyin tək yolu Buster dozanın qəbul
edilməsidir. Əks təqdirdə iki doza peyvənd vurulmuş şəxslərin
virusa yoluxmaq ehtimalı getdikcə artır. Çünki dozaların qəbul
edilməsi üçün aradakı maksimum müddətin (6 ay) bitməsi qanda
anticisimlərin artıq sıfır səviyyəyə düşməsinə səbəb olur. Bu
baxımdan Buster dozanın vaxtında vurulmaması dalğanın geniş vüsət
almasına, yenidən ağır fəsadların müşahidə edilməsinə gətirib
çıxara bilər.

Koronavirusun yeni “Omikron” ştammının ciddi fəsadlar
törətməsinə şərait yaratmamaq, bu ştammdan da daha az itkilərlə
yaxa qurtarmaq üçün Buster dozanın vurulması vacibdir. Nəzərə alsaq
ki, Ümumdünya Səhiyyə Təşkilatı mart ayına Avropa əhalisinin
yarıdan çoxunun “Omikron” ştammına yoluxacağını proqnozlaşdırır, o
zaman ümumi qlobal riskin çox yüksək olduğu bu ştammdan yeganə
xilas yolu qısa zamanda Buster –üçüncü dozanı vurdurmaqdır.

Teqlər: