“Omikron” ştammı yoluxmaları artıra bilər – İnfeksionist

Xəbər - Çingiz Səfərli – Trend:

Koronavirusun yeni ortaya çıxan “Omikron” ştammının əsas xüsusiyyəti spayk proteində baş verən mutasiya ilə bağlıdır.

Bunu AzerTimes-a açıqlamasında İnfeksionist-hepatoloq Mərdan Əliyev deyib. Onun sözlərinə görə, bütün ştamlarda mutasiya bu proteində gedir, amma “Omikron” mutasiyanın çox olması ilə fərqlənir.

“Təxminən, 30 amin turşuda mutasiya baş verib. Bu, onu göstərir ki, dəyişilmə daha genişdir. Güman olunur ki, yeni ştammın sürətli yayılması yoluxma sayını artıra bilər. Buna görə də, vətəndaşlar virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolunun vaksinasiya olunduğunu unutmamalıdırlar” – deyə mütəxəssis bildirib.

Qeyd edək ki, Covid-19 İgG (spike protein) – Spayk zülalı SARS-COV-2 virusunun örtük qatını meydana gətirən 4 struktur zülaldan (S,E,M və N) biridir. SARS-COV-2 virusuna tacabənzər görünüşü verən həmin S zülalıdır, hansı ki krioelektron mikroskopda görülə bilir. S zülalının xüsusiyətlərindən biri də virusun hüceyrəyə daxil olmasında rol oynamasıdır ki, bu, onu yoluxucu edir. İnfeksiyanın orqanizmə daxil olması ilə immun sistemimiz spesifik əkscisimlər və ya immunoqlobulinlər istehsal etməyə başlayır. S anti-cisimlərinin təyini xəstəlikdən və peyvənddən sonra yaranmış immun cavabın varlığını müəyyənləşdirməyə imkan verir.

M.Əliyev yeni ştammın ölkəmizə gəlməməsi üçün lazımi tədbirlərin görülməli olduğunu da diqqətə çatdırıb, lakin hazırda epidemioloji vəziyyətin normal olduğunu qeyd edib.

“Aktiv xəstə sayı sabitdir. Yoluxanların və sağalanların sayı təqribən bir-birinə yaxındır. Amma yeni ştammın ortaya çıxması bir qədər narahatlıq doğurur. Buna görə, xaricdən ölkəmizə gələn şəxslərdən testlər götürülməli və analiz olunmalıdır. Həmçinin qaydalara uyğun olaraq iki həftəlik karantində saxlanılmalıdırlar ki, yeni ştamm ölkəmizdə yayılmağa başlamasın” – deyə, infeksionist əlavə edib.

Bir sıra ölkələrdə koronavirus səbəbindən yoluxma və ölənlərin sayının artması fonunda məhdudiyyətlərə gedilir. Mütəxəssis isə hesab edir ki, hazırda Azərbaycanda karantin qaydalarının sərtləşdirilməsi və məhdudiyyətlərə gedilməsi çox gözlənilən deyil.

“Əgər yeni ştamm aşkarlansa və bununla əlaqədar yoluxma sayında artım müşahidə olunsa, o zaman bizdə də məhdudiyyətlərə gedilə bilər. Lakin hələ ki, belə bir hal yoxdur. Çox güman ki, Yeni il ərəfəsində məhdudiyyətlər olmayacaq” – deyə o vurğulayıb.

Mərdan Əliyev açıqlamasında vaksinasiyanın əhəmiyyətindən də söz açıb və insanları peyvənd olunmağa çağırıb.

“Hazırda vaksinasiya pandemiyaya qarşı ən güclü və ən yaxşı profilaktika peyvənd olunmaqdır. Ona görə də ən yaxşını etmək, peyvənd olunmaq lazımdır. İkinci dozanı vurduranların, xəstəlik keçirməyiblərsə, buster dozanı qəbul etmələri tövsiyə olunur. Xəstəlik keçirənlər isə 6 ay sonra bir doza vurdursalar, daha yaxşı olar. Bundan başqa hər zaman maskalarımız yanımızda olmalıdır və qapalı məkanlara daxil olanda mütləq istifadə etməliyik. Fərdi şəkildə hər birimiz buna əməl etməsək, pandemiyanın öhdəsindən gəlmək çətin olacaq” – deyə infeksionist əlavə edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Cənubi Afrika Respublikasında koronavirusun yeni variantı (B.1.1.529) aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı ona “omikron” adı verib. ÜST-ün açıqlamalarına görə, bu variant bəziləri narahatlıq doğuran çox sayda mutasiyaya malikdir. İlkin tapıntılar yeni mutasiyanın daha yüksək yoluxma riski daşıdığı yönündədir.

Teqlər: