Xəbər - Fərid Zöhrabov -Trend:
Fəsillərin dəyişməsi koronavirusa dövrü yoluxma dalğasının güclənəcəyi qorxusunu artırır.
Bunu Trend-ə infeksionist-hepatoloq Mərdan Əliyev deyib.
O bildirib ki, yeni “omikron” ştammı dünyada sürətlə yayılmaqdadır.
“Havalar soyuyanda insan orqanizmində dəyişikliklər baş verir, daha az Günəş şüası qəbul olunur, immunitet zəifləyir. Bunlar da virusun geniş yayılmasına şərait yaradır. Havalar soyuduğu üçün insanlar evlərinə daha çox qapanırlar, virusun yayılma səbəblərindən biri də budur. Lakin “omikron” ştammı ölkəmizdə yayılmasa, koronavirusa yoluxmada vəziyyət stabil qalacaq”, – həkim deyib.
M.Əliyev bildirib ki, koronavirusa yoluxmalarda əvvəlki alovlanmalar gözlənilmir.
“Koronovirusa yoluxmayanlara tövsiyəm budur ki, peyvənd olunsunlar. İkinci növbədə isə maskadan mütləq şəkildə düzgün istifadə etmək lazımdır. Maska istifadəsi ilə yanaşı, sanitariya-gigiyena qaydalarına əməl olunmalıdır. Hər kəs özünü fərdi şəkildə qorumalıdır”, – deyə ekspert qeyd edib.
Qeyd edək ki, Azərbaycanda indiyədək ümumilikdə 590 113 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 556 716 nəfər müalicə olunaraq sağalıb, 7 884 nəfər vəfat edib, aktiv xəstə sayı 25 513 nəfərdir.