“Omicron” ştamı necə aşkarlanır?

Xəbər - Humay Ağacanova – Trend:

“Omicron” COVID-19-un bir variantı olduğu üçün ənənəvi PZR burun-udlaq yaxma testləri virusu aşkar edilir. Lakin aşkarlanmış koronavirusun “omikron” ştamı olması daha mürəkkəb və bahalı olan sekvenləşmə metodu ilə müəyyən olunur.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov nazirliyin sosial şəbəkələrdəki hesablarına “omicron” ştamı ilə bağlı gələn sualları cavablandırarkən deyib.

O bildirib ki, yayılan yeni ştamdan qorunmaq üçün ikinci doza və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra gücləndirici (buster) doza ilə peyvəndlənmək vacibdir.

“Qorunmaq yolları isə eynidir: maska geymək, insanların sıx toplaşdığı məkanlara getməmək, məsafə gözləmək, əl və respirator gigiyena qaydalarına ciddi əməl etmək.

Hər bir şəxs məsuliyyətli olmalıdır. Özündə bu əlamətləri hiss etdikdə ilk növbədə özünü təcrid etməli, təmaslarını azaltmalı, eyni zamanda özü və ailə üzvləri maskadan istifadə etməli, sonra həkimə müraciət etməlidir. Valideynlər uşaqlarına qarşı diqqətli olmalı, onlarda xəstəliyin əlamətlərinin olmasını vaxtında aşkarlamalıdır. Xəstə uşağı evdə təcrid edərək bağçaya və ya məktəbə buraxmamalıdır. Eyni zamanda, vətəndaşlar vaksinasiyada aktiv iştirak etməli və buster dozanı göstərişə uyğun almalıdır”,- deyə T. Eyvazov qeyd edib.

Teqlər: