Ombudsmanın regional mərkəzləri Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib

Məlum olduğu kimi, bu il ilk dəfə Anım Günü kimi qeyd olunan 27 sentyabr tarixində xalqımız ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış hərbi qulluqçularımızn əbədi xatirəsinə dərin hörmət və ehtiramını nümayiş etdirir.

Ombudsman Aparatından AzerTimes-a verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsmanın regional mərkəzləri tərəfindən bu münasibətlə anım mərasimləri təşkil edilib.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin əməkdaşları İkinci Qarabağ müharibəsi zamanı həlak olmuş hərbi qulluqçularımızın ailələrinə ziyarətlərini davam etdirir və onların qayğılarını daim diqqət mərkəzində saxlayır.

Cəlilabad Regional Mərkəzinin əməkdaşları Z.İsmayılov, M.Mənsimli və X.Şəmili 44 günlük Vətən müharibəsinin şəhidləri – gizir Əmirli Tofiq Şəmsəddin oğlu, Qasımzadə Ümid İlqar oğlu, Əkbərov İbarət Faiq oğlu, Səlimov Sənan Nasif oğlu, Rüstəmli Kənan Yalçın oğlu, Kərimli Səməd İkram oğlu və İsayev Rahət Rafət oğlunun ailə üzvlərinə baş çəkib, onların qayğıları ilə maraqlanıb, şəhidlərin məzarları önünə gül dəstələri düzərək əziz xatirələrini ehtiramla yad ediblər.

Regional Mərkəzin əməkdaşları, həmçinin Masallı rayonu Təzə Alvadı kənd sakini Vətən müharibəsi qazisi Səlimov Məmməd Vahid oğlunun ailəsinə baş çəkiblər.

Şəhid və qazi ailələri ilə keçirilən bütün görüşlərdə Regional Mərkəzin rəhbəri Z.İsmayılov daim Ombudsmanın diqqətində olduqlarını bildirib, şəhid ailələri və qazilərimizin hüquqlarının təmini istiqamətində bundan sonra da geniş fəaliyyət həyata keçirəcəklərini bildirib.

Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları da şəhid və qazilərimizin ailələrinə baş çəkib və onların qayğıları ilə maraqlanıb. Regional Mərkəzin əməkdaşları şəhid mayor Məmmədov Xəyal Ağabəy oğlu, gizir Məmmədov İbrahim Nakəm oğlu, əsgər Məmmədov Əlihüseyin Elşad oğlu, əsgər Soltanlı Şahmar Qinyaz oğlu və əsgər İsgəndərli Səbuhi Yaşar oğlunun ailələrinə Ombudsmanın adından başsağlığı verərək, şəhidlərimizin ruhlarını dərin ehtiramla yad ediblər.

Vətən müharibəsi qaziləri Lətifov Elvin İlqar oğlu, Ədalətli Xəyyam Rasim oğlu, Abdullayev Xəyal Şahin oğlu ilə görüşlər zamanı onlara Müvəkkilin salamı çatdırılıb, keçdikləri şərəfli döyüş yolunun gənclərimizdə vətənpərvərlik hissini daha da gücləndirdiyi vurğulanıb.

Bundan başqa, Şəki Regional Mərkəzi tərəfindən Anım Günü ərəfəsində Şəki, Balakən, Qəbələ və İsmayıllı rayon Heydər Əliyev Mərkəzləri ilə birgə həmin rayonların müəssisə, idarə və təşkilatlarının əməkdaşlarının, Vətən müharibəsi iştirakçılarının və gənclərin iştirakı ilə “Biz sizə borcluyuq, Azərbaycan əsgəri”, “Gəncliyimiz qələbəmizin təməlidir” mövzularında videokonfranslar keçirilib.

Regional Mərkəzin rəhbəri P.Məmmədov videokonfranslarda çıxış edərək 27.09.2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin növbəti dəfə geniş miqyaslı təxribat törədərək Azərbaycan ordusunun bölmələrini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatan və artilleriya qurğularından intensiv atəşə tutduğunu, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu tərəfindən geniş miqyaslı əks hücum əməliyyatı başlandığını, 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 ilə yaxın müddət işğal altında olmuş torpaqlarımızın azad edildiyini bildirib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixində imzaladığı sərəncama əsasən hər il sentyabrın 27-nin Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirələrini yad edilməsi məqsədilə Azərbaycan Respublikasında Anım Günü olaraq qeyd edilməsinin qərara alındığı diqqətə çatdırılıb.

Ombudsman tərəfindən Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin ailələrinin, Vətən müharibəsi iştirakçılarının daim diqqət və qayğı ilə əhatə olunduğu vurğulanıb. Ermənistanın törətdiyi müharibə cinayətləri nəticəsində zərər dəymiş ərazilərimizdə Ombudsman Səbinə Əliyeva tərəfindən, həmçinin Ombudsmanın dəvəti ilə respublikamızda rəsmi səfərdə olmuş İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti və Baş katibinin müşavirinin rəhbərlik etdiyi, Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədrinin rəhbərlik etdiyi və İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə birgə keçirilmiş faktaraşdırıcı missiyalar, dünya ictimaiyyətinə ünvanlanmış bəyanatlar və müraciətlər barədə məlumat verilib.

Şəhid ailələrinə göstərilən diqqəti, qayğını və vətəndaşlarımızın hüquqlarının bərpası istiqamətində Ombudsman təsisatının fəaliyyətini təqdir edən şəhid valideynləri Müvəkkilə öz dərin minnətdarlıqlarını bildiriblər.

Teqlər: