Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Quba, Gəncə, Şəki və Cəlilabad regional mərkəzləri əhatə etdikləri rayonların müxtəlif qurumlarının iştirakı ilə 20 Yanvar 1990-cı il faciəsinin 31-ci ildönümünə həsr edilmiş onlayn tədbirlər keçiriblər.
Ombudsman Aparatının mətbuat xidmətindən AzerTimes-a bildiriblər ki, keçirilən tədbirlərdə Regional Mərkəzlərin rəhbərləri iştirakçılara qanlı yanvar hadisəsinin tarixindən və həmin qətliam zamanı çoxsaylı günahsız və silahsız mülki şəxslərin, o cümlədən yaşlıların, qadınların və uşaqların paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda amansızcasına öldürülməsi, yaralanması və itkin düşməsi barədə geniş məlumat veriblər.
Quba Regional Mərkəzi sözügedən mövzuda onlayn tədbiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi ilə birlikdə Quba, Xaçmaz, Siyəzən, Qusar və Şabran rayonlarının dini icmalarının nümayəndələri və Komitənin əməkdaşlarının iştirakı ilə keçirib. Tədbirdə Regional Mərkəzin rəhbəri Bəhruz Əfəndiyev milliyyətindən, yaşından, cinsindən asılı olmayaraq dinc əhaliyə qarşı törədilmiş bu amansız cinayət barədə ətraflı məlumat verib. O, həmçinin həmin faciə zamanı şəhid olanların ailələri və hadisələrlə əlaqədar əlilliyi olan şəxslərə göstərilən dövlət qayğısından bəhs edib.
Ombudsmanın Gəncə Regional Mərkəzi də 20 yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş onlayn tədbirlər təşkil edib. “20 Yanvar Faciəsi İnsan Hüquqları Müstəvisində” mövzusunda keçirilən onlayn tədbirdə Ağstafa rayon Gənclər və İdman İdarəsinin, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və gənclər, “20 Yanvar insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdəndir” mövzusunda keçirilmiş digər tədbirdə isə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin, Goranboy rayon Gənclər və idman idarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları, gənclər iştirak ediblər. Regional Mərkəzin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, 1990-cı il 20 yanvar günü tarixdə Azərbaycan xalqına qarşı keçmiş sovet dövlətinin hərb maşınının həyata keçirdiyi hərbi təcavüz, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. O, ölkə Prezidenti İlham Əliyevin Şuşa şəhərinin düşmən işğalından azad olunması müjdəsini xalqa məhz Şəhidlər Xiyabanında verməsinin 20 Yanvar şəhidlərinə ehtiramın ən parlaq nümunəsi olduğunu bildirib.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin Astara, Samux, Zərdab, Yardımlı rayon Heydər Əliyev Mərkəzləri və digər qurumlarla birgə təşkilatçılığı ilə “20 Yanvar azadlıq uğrunda mübarizənin rəmzidir” adlı onlayn tədbir keçirilib. Tədbirdə Regional Mərkəzin rəhbəri Ziya İsmayılov 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlil¬liyi olan şəxslərin müdafiəsinə dair dövlət qayğısının davam etdirilməsinin ölkə rəhbərliyi tərəfindən mühüm vəzifələrdən biri kimi qarşıya qoyulduğunu, habelə bu istiqa¬mətdə böyük tədbirlərin həyata keçirildiyini və onların sosial təminatının ildən-ilə daha da möhkəmlən¬dirildiyini söyləyib.
Şəki Regional Mərkəzi tərəfindən Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, o cümlədən Gənclər Evi ilə birlikdə Şəki və Mingəçevir şəhərlərinin müəssisə, idarə və təşkilatlarının əməkdaşlarının, habelə gənclərin iştirakı ilə “Şəhidlərimiz bizim qürur mənbəyimizdir” mövzusunda onlayn görüş keçirilib. Qeyd olunub ki, suverenlik, istiqlaliyyət və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqından qisas almaq məqsədilə qırğın törədilməsi ilə keçmiş SSRİ və Azərbaycan SSRİ-nin konstitusiyaları, beynəlxalq hüquq normaları kobud şəkildə pozulmuşdur. Tədbir zamanı Regional Mərkəzin rəhbəri Pərviz Məmmədov 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra Milli Məclis tərəfindən sözügedən faciəyəyə tam siyasi-hüquqi qiymət verilməsinə baxmayaraq, insanlıq əleyhinə olan bu cinayətə indiyədək beynəlxalq hüquqi qiymət verilməməsinin təəssüf doğurduğunu vurğulayıb.