Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə, Cəlilabad, Şəki və Quba regional mərkəzləri tərəfindən Azərbaycan Gəncləri Gününə həsr edilmiş tədbirlər təşkil edilib.
Ombudsman Aparatından AzerTimes-a verilən məlumata görə, Ombudsmanın Gəncə Regional Mərkəzi və Gədəbəy Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Qalib ölkənin qalib gəncləri” mövzusunda videokonfrans keçirilib. Bundan başqa, Gəncə Regional Mərkəzi tərəfindən Tovuz Rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsi ilə birgə Tovuz, Qazax, Ağstafa rayonlarından olan gənclərin iştirakı ilə “Müstəqil Azərbaycan Respublikasının inkişafında gənclərin rolu” mövzusunda videokonfrans təşkil edilib.
Ombudsmanın Cəlilabad Regional Mərkəzi “Yeniyetmə və gənclərin insan hüquqları və gender bərabərliyi haqqında məlumatlığının artırılması, erkən nikahlar, zərərli vərdişlərə qarşı birgə mübarizənin gücləndirilməsi və sağlam həyat tərzinin təbliği” mövzusunda Cəlilabad şəhər 8 saylı humanitar və texniki fənlər təmayüllü məktəb-liseydə hüquqi maarifləndirmə tədbiri keçirib.
Ombudsmanın Quba Regional Mərkəzi tərəfindən bu münasibətlə rayonda yerləşən Heydər Əliyev Mərkəzində “Müasir Azərbaycan Gəncləri” adlı tədbir keçirilib. Tədbirdə Quba rayon Heydər Əliyev Mərkəzinin gənc əməkdaşları, Quba regional “ASAN xidmət” mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları və könüllüləri iştirak ediblər. Regional mərkəzin rəhbəri, həmçinin Quba Rayon Gənclər və İdman İdarəsinin keçirdiyi Quba Gənclər Forumuna qatılıb.
Ombudsmanın Şəki Regional Mərkəzi isə Oğuz Rayon Gənclər və İdman İdarəsi ilə birgə onlayn formatda, həmçinin Şəki Dövlət Regional Kollecində “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbirlər keçirib.
Regional mərkəzlərin nümayəndələri tədbirlərdə çıxışları zamanı Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu bildiriblər. Bununla yanaşı, Vətən müharibəsində Azərbaycan gənclərinin 30 ilə yaxın işğal altında olmuş torpaqlarımızın azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərdikləri vurğulanıb.
Çıxışlar zamanı Ombudsmanın insan hüquqlarının müdafiəsi sahəsində çoxşaxəli fəaliyyəti, o cümlədən Vətən müharibəsində iştirak etmiş qazilərin hüquqlarının təmini məqsədilə onlarla keçirdiyi görüşlər barədə iştirakçılara məlumat verilib.