Ombudsmanın Gəncə, Cəlilabad, Şəki və Quba regional mərkəzləri
tərəfindən autizm mövzusuna həsr olunmuş hüquqi maarifləndirmə
tədbirləri keçirilib.
Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən autizmlə bağlı
maarifləndirmə aylığı çərçivəsində Azərbaycana Birgə Yardım (UAFA)
təşkilatının Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzindən bəhrələnən
autizmli uşaqların və onların valideynlərinin iştirakı ilə
“Autizmli şəxslərin hüquqlarının təbliği və müdafiəsi” mövzusunda
tədbir keçirilib. Tədbir zamanı Müvəkkilə müxtəlif məsələlərlə
bağlı müraciət etmək istəyən autizmli uşaqların valideynlərinin
müraciətləri Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən qəbul
edilib.
Ombudsmanın Cəlilabad Regional Mərkəzi tərəfindən Cəlilabad
Rayon Mərkəzi Kitabxanasında “Autizm haqqında ictimaiyyətin
məlumatlandırılması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə dövlət qurumlarının nümayəndələri və fəal gənclər iştirak
ediblər.
Ombudsmanın Şəki Regional Mərkəzi isə Şəki İnteqrasiya təlimli
internat tipli gimnaziyanın müəllimlərinin, Şəki Şəhər Təhsil
Şöbəsinin, Dövlət Sosial Müdafiə Fondunun Şəki şöbəsinin, Şəki
Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin əməkdaşlarının,
autizm spektr pozuntusu olan uşaqların valideynlərinin və Şəki Tibb
Kollecinin tələbələrinin iştirakı ilə “Autizmli şəxslərin
sosial-hüquqi müdafiəsinə dəstək” mövzusunda hüquqi maarifləndirmə
tədbiri keçirib.
Maarifləndirmə ayı çərçivəsində Ombudsmanın Quba Regional
Regional Mərkəzi tərəfindən mərkəzin ofisində “Autizimli şəxslərin
sosial inklüziyasına dəstək olaq” mövzusunda maarifləndirici
tədbirlər keçirilib.
Regional mərkəzlərin keçirdiyi tədbirlərdə dövlət tərəfindən
autizmli insanların problemlərinin aradan qaldırılması sahəsində
davamlı siyasət aparıldığı qeyd olunub. Ombudsmanın regional
mərkəzlərinin rəhbərləri çıxışları zamanı sağlamlıq imkanları
məhdud, o cümlədən autizm spektr pozuntusu olan uşaqların
hüquqlarının müdafiəsinə Ombudsman tərəfindən xüsusi diqqət
yetirildiyini bildiriblər. Autizmlə bağlı cəmiyyətin
maarifləndirilməsi, həmin uşaqlarla məşğul olan mütəxəssislərin
peşəkarlığının artırılması, bu qrupdan olan insanların sosial
proseslərdə iştirakının təmini istiqamətində tədbirlərin zəruriliyi
diqqətə çatdırılıb. Eləcə də, Ombudsman tərəfindən autizm spektr
pozuntusu olan şəxslərə dövlət qayğısı ilə əlaqədar xüsusi normativ
hüquqi aktın və müvafiq dövlət proqramının qəbul edilməsinin təklif
olunduğu vurğulanıb.
Tədbirlərdə mövzu ilə bağlı ətraflı müzakirə aparılıb,
iştirakçıları maraqlandıran suallar cavablandırılıb.