Ombudsmanın Milli Preventiv Qrupu uşaq evlərinə baş çəkiblər (FOTO)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına uyğun olaraq Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” çərçivəsində 2 və 3 saylı uşaq evlərinə əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmələr həyata keçirilib.

Keçirilən başçəkmələrdə məqsəd müxtəlif yaş qruplarından olan uşaqların hüquqlarının təmini, o cümlədən öncəki başçəkmələr zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması və verilmiş tövsiyələrin icrası vəziyyətinin öyrənilməsi olub.

Başçəkmələr zamanı adıçəkilən müəssisələrin bütün ərazisinə baxış keçirilib, sosial xidmətin təşkili ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb. Rəftar məsələlərinin araşdırılması məqsədilə müəssisə rəhbərliyi, əməkdaşlar və uşaqlarla fərdi müsahibələr aparılıb.

MPQ üzvləri tərəfindən insan hüquqlarının tərkib hissəsi kimi uşaq hüquqlarının müdafiəsi mexanizmləri, eyni zamanda Ombudsmana müraciət formaları, təsisatda 24 saat fəaliyyət göstərən 916 nömrəli Çağrı Mərkəzi barədə ətraflı məlumat verilib.

Hər iki uşaq evində sənədləşməyə aid nöqsanların əsasən aradan qaldırıldığı, əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icrası və uşaq hüquqlarının təmini vəziyyətində müsbət dəyişikliklər olduğu müşahidə edilib.


2 saylı uşaq evində məktəbəqədər yaşlı uşaqların qrupunda onların yaşı və inkişafına uyğun olaraq maddi-texniki təminatın yaxşılaşdığı, müəssisənin məktəbəqədər hazırlıq üçün nəzərdə tutulan təlim materialları ilə təmin edildiyi, tibbi xidmətə aid nöqsanların aradan qaldırıldığı, uşaqların asudə vaxtının səmərəli keçirilməsi məqsədilə onların musiqi məktəbinə və idman dərnəklərinə qeydiyyatının aparıldığı müşahidə edilib.

3 saylı uşaq evində təmir işlərinin başlanıldığı, uşaqların istifadəsi üçün nəzərdə tutulan kompüterlərin kameralar ilə təchiz olunduğu, sanitar-gigiyenik normalara aid nöqsanların aradan qaldırıldığı müəyyən edilib.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlara milli və beynəlxalq qanunvericiliyə müvafiq şəkildə saxlanma şəraiti, tibbi xidmət və sənədləşmə ilə bağlı müvafiq tövsiyələr verilib.

Teqlər: