Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv
Qrupun (MPQ) üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən
Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması
Baş İdarəsinin müvəqqəti saxlama yerinə (MSY) başçəkmə həyata
keçirilib.
Ombudsman Aparatından AzerTimes-a
verilən məlumata görə, BMT-nin “İşgəncə və digər qəddar,
qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə
Konvensiya”sının Fakültativ Protokolu, “Azərbaycan Respublikasının
İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya
Qanunu və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və
azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası
Qanununun tələbləri əsasında keçirilmiş başçəkmənin məqsədi MSY-də
saxlanma şəraitinin, saxlanılan şəxslərin hüquqlarının təmin
edilməsi və sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi
olub.
Başçəkmə zamanı müəssisədə saxlanılan şəxsin olmadığı müşahidə
olunub. MSY-nin saxlama kameralarına, istintaq, tibb, ibadət
otaqlarına, mətbəxə, gəzinti sahələrinə baxış keçirilib, sənədləşmə
və qeydiyyat kitabları yoxlanılmaqla müəyyən edilmiş
çatışmazlıqların aradan qaldırılması ilə bağlı tövsiyələr diqqətə
çatdırılıb. Müəssisə daxilində yerləşdirilməsi məqsədilə
Ombudsmanın 916 Çağrı Mərkəzi barədə yeni məlumat lövhələri təqdim
edilib.
Başçəkmənin yekununda MSY-nin rəhbərliyi və məsul əməkdaşları
ilə hüquqi-maarifləndirici söhbətlər aparılıb, qanunvericiliyin
tələbləri nəzərə alınmaqla fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı
tövsiyələr verilib.