Ombudsmanın Gəncə Regional Mərkəzi və Qazax Rayon Gənclər və
İdman İdarəsinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları və
gender bərabərliyi” mövzusunda onlayn hüquqi maarifləndirmə tədbiri
keçirilib.
Tədbirdə Qazax Dövlət Sosial-İqtisad Kollecinin tələbələri,
Qazax Rayon Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak
ediblər.
Tədbir zamanı Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov
insan hüquqları və gender əsaslı zorakılıqla mübarizə sahəsində
Ombudsman təsisatının fəaliyyəti, habelə ölkəmizdə müvafiq sahədə
qəbul edilmiş qanunvericilik aktları və həyata keçirilmiş
institusional islahatlar barəsində danışıb.
Qeyd edilib ki, qadın hüquqları və gender bərabərliyi sahəsində
milli qanunvericiliyin təkmilləşdirilməsi, yeni normativ hüquqi
aktların qəbul edilməsi ölkəmizdə bu sahədə görülən işlərə öz
töhfəsini verib.