23 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin və bir sıra qurumların təşkilatçılığı ilə 26 iyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar “Narkomaniya, Narkobiznes ilə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və şüuru sağlamlığı uğrunda aparılan mübarizədir” mövzusunda videokonfrans keçirilib.
Ombudsman Aparatından AzerTimes-a bildirilib ki, tədbir iştirakçıları mövzu ilə əlaqəli çıxışlar ediblər.
Tədbirdə bildirilib ki, ölkəmizdə narkotizmlə və narkobizneslə mübarizə istiqamətində “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanun qəbul edilib.
Qeyd olunub ki, Azərbaycan 2000-ci ildə Avropa Şurasına üzv seçildikdən sonra Avropaya inteqrasiya zəminində bu sahədəki fəaliyyətini uğurla davam etdirib. Ölkəmizdə habelə müvafiq sahə üzrə mübarizəyə dair Dövlət Proqramının implementasiyası həyata keçirilib.
Daha sonra tədbir iştirakçılarına Heydər Əliyev Mərkəzində narkomaniya və narkobiznesə qarşı beynəlxalq mübarizə gününə həsr edilmiş virtual sərgi nümayiş etdirilib.