Bir daha beynəlxalq təşkilatlara müraciət edərək, işarələnməmiş minaların insan həyatı üçün potensial təhlükə mənbəyi olması ilə bağlı narahatlığımızı təkrar diqqətə çatdırır və bununla əlaqədar təxirəsalınmaz addımlar atmağa çağırırıq.
AzerTimes xəbər verir ki, bu fikir Ombudsman Səbinə Əliyevanın Füzuli və Tərtərdə baş vermiş mina partlayışları ilə bağlı yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, dəfələrlə çağırışlar edilməsinə baxmayaraq, Ermənistan tərəfindən işğal dövründə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində basdırılmış minaların dəqiq xəritələrinin hələ də ölkəmizə təhvil verilməməsi hərbi qulluqçularla bərabər, mülki şəxslərin də həyat və sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqdadır:
“Təəssüflər olsun ki, 2022-ci 30 sentyabr tarixində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndinin minalardan təmizlənməmiş ərazisində tank əleyhinə minanın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Amid Fətullah oğlu Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Bahadur oğlu Quluzadə həlak olmuş, 1973-cü il təvəllüdlü Bahadur Məhi oğlu Quliyev isə yaralanmışdır. Eyni zamanda, 2022-ci il 1 oktyabr tarixində Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən minalardan təmizlənməmiş “Üçüncü Sovxoz” adlı yerdə piyada əleyhinə minanın partlaması nəticəsində 1990-cı il təvəllüdlü Nicat Novruz oğlu Cabbarov və 1976-cı il təvəllüdlü Rəfail Köçəri oğlu Bayramov ağır xəsarət almış və ilkin məlumata əsasən ayaqları amputasiya edilmişdir.
“Bir daha beynəlxalq təşkilatlara müraciət edərək, işarələnməmiş minaların insan həyatı üçün potensial təhlükə mənbəyi olması ilə bağlı narahatlığımızı təkrar diqqətə çatdırır və bununla əlaqədar təxirəsalınmaz addımlar atmağa çağırırıq. Ermənistan tərəfi minaların dəqiq xəritələrini ölkəmizə təhvil verməklə beynəlxalq humanitar hüquq normalarına əməl etməli, insan hüquqlarına hörmət bəsləməli, regionda davamlı sülhün və təhlükəsizliyin təmini ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”.