Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ermənistan seqmentində olan bəzi saytlarda yayımlanmış əsassız iddialara cavab verib.
Bu barədə AzerTimes-a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.
Məlumat verildiyi kimi, ombudsman “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılan və 10 gün müddətinə inzibati qaydada həbs olunan Alen Sarqsyan, Vahe Hovsepyan və Levon Qriqoryanı konfidensial qəbul edərkən həmin şəxslərin beynəlxalq və milli qanunvericiliyə əsasən hüquqlarının təmini vəziyyətini öyrənib və müraciətlərini dinləyib. Eyni zamanda, onların saxlanıldığı kameraya və gəzinti yerinə baxış keçirilib, saxlanma şəraitinin standartlara uyğun olduğu müəyyən edilib.
Qəbul edilmiş şəxslər saxlanma şəraitindən, onlarla rəftardan, qidalanmadan, habelə tibbi-psixoloji yardımdan razılıqlarını bildiriblər. Başçəkmənin gedişində həmin şəxslərin ailə üzvləri ilə telefon danışığı da təmin edilib. Bütün bunlar Azərbaycan dövlətinin həyata keçirdiyi humanist siyasətin bariz nümunəsidir.
“Ermənistan seqmentində olan saytlar həyata keçirilmiş başçəkmə zamanı qəbul edilmiş A.Sarqsyanın qolunda olan və onun özünün də bildirdiyi kimi, bu ilin fevral ayında atası ilə şəxsi ailə təsərrüfatında işlədiyi zaman aldığı xəsarəti əsas götürərək Azərbaycanın göstərdiyi humanist siyasətə qarşı istifadə edirlər.
Onun qolunda olan həmin izin uzun müddət əvvələ təsadüf etməsi fotodan daha aydın görünür.
Bu baxımdan saxlanılan şəxslərlə bağlı məlumatların aydın şəkildə paylaşılması fəaliyyətin şəffaflığını bir daha təsdiq edir.
Təəssüflər olsun ki, Ermənistan hər zaman olduğu kimi, yenə də məqsədli şəkildə Azərbaycanofobiya siyasətini davam etdirir, yalan məlumatları tirajlayaraq dözümsüzlük mühiti yaratmaqda davam edir.
Regionda sülhün bərqərar olunması naminə Ermənistan tərəfi azərbaycanlılara qarşı nifrətin təşviqinə yol açan siyasətindən əl çəkməli, aidiyyəti beynəlxalq təşkilatlar isə insan hüquqlarının təməl prinsiplərinə zidd olan bu siyasətin qarşısının alınması istiqamətində zəruri tədbirləri görməlidirlər”, – deyə Səbinə Əliyeva vurğulayıb.