Ombudsmandan Ermənistanla bağlı daha bir bəyanat

Ombudsmandan Ermənistanla bağlı daha bir bəyanat

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü nifrət siyasətində uşaqlardan istifadə edilməsinə dair xüsusi hesabat hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara göndərilib.

Bu barədə AzerTimes-a Ombudsman Aparatından məlumat verilib.

Məlumatda bildirilib ki, 18 iyun tarixi dünyada Nifrət Nitqinə qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur və bu hesabatın hazırlanmasında da məqsəd Ermənistanın Azərbaycana qarşı apardığı nifrət siyasətində uşaqlardan istifadə olunmasına dair faktların dünya ictimaiyyətinin, eləcə də aidiyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırmaq və nifrət siyasətinin qarşısının alınması ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı çağırış etməkdir.

Azərbaycan və ingilis dillərində hazırlanmış hesabatda uzun illər Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən nifrət siyasətinə uşaqların alət edilməsi, münaqişə dövründə,o cümlədən İkinci Qarabağ müharibəsi zamanı uşaqların hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı faktlardan, mediada bununla bağlı qeyd olunmuş məlumatlardan və digər mənbələrdən istifadə olunub.

Qeyd edək ki, Ombudsman Aparatı tərəfindən bundan əvvəl də araşdırmalar nəticəsində əldə edilmiş faktoloji materiallar, sosial şəbəkələrdə və mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlar əsasında azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat hazırlanıb və müvafiq beynəlxalq insan hüquqları qurumlarına ünvanlanıb.

Hesabatın tam mətni ilə buradan tanış ola bilərsiniz.

Teqlər: