Ombudsman “Yüksəliş” müsabiqəsinin qalibini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva mentorluq proqramı çərçivəsində
“Yüksəliş” müsabiqəsinin qalibi Ləman Qafarzadə ilə növbəti dəfə
görüş keçirib.

Görüşdə 44 günlük Vətən müharibəsi və postmüharibə dövründə
beynəlxalq ictimaiyyətin Ermənistan silahlı qüvvələrinin törətdiyi
sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə bağlı
faktlar barədə məlumatlandırılması məqsədilə Ombudsmanın həyata
keçirdiyi faktaraşdırıcı missiyalar, habelə mina problemi ilə
əlaqədar etdiyi müraciətlərdən danışılıb.

Daha sonra Müvəkkil məhkumların və onların ailə üzvlərinin əfv
haqqında müraciətlərinin araşdırılması, Azərbaycan Respublikasının
Prezidenti yanında Əfv Məsələləri Komissiyasına vəsatətlərlə edilən
müraciətlər, eyni zamanda, qeyd edilən komissiyasının işində
iştirakla bağlı geniş məlumat verib. Qeyd olunub ki, fəaliyyəti
dövründə Ombudsmanın vəsatəti ilə ümumilikdə 774, 2021-ci ildə isə
72 məhkum əfv olunub.

Görüş zamanı S. Əliyeva müsabiqə qalibinin cəlb olunduğu
əlilliyi olan şəxslərin hüquqlarına dair layihə ilə maraqlanıb və
onun icrası ilə bağlı təklif və tövsiyələrini bildirib.

Yekunda Ombudsman faktaraşdırıcı missiyalar, həmçinin digər
müxtəlif hüquq pozuntuları ilə əlaqədar Azərbaycan və ingilis
dillərində hazırlanmış hesabatları L. Qafarzadəyə təqdim edib.

Qeyd olunmalıdır ki, mentorluq proqramı çərçivəsində dörd ay
ərzində fəaliyyət planına uyğun olaraq təsisatın müvafiq struktur
bölmə rəhbərləri ilə bir sıra görüşlər keçirilib. Bundan əlavə,
L.Qafarzadə Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri ilə
birlikdə 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbinə başçəkmədə
iştirak edib. O, layihə çərçivəsində təşkil olunan başçəkmədə
müxtəlif yaş qruplarından olan uşaqlarla söhbət aparıb və onların
təhsil hüquqlarının təmini vəziyyəti ilə maraqlanıb.

Teqlər: