Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xocalı soyqrımından sağ çıxmağı bacaran bir qrup sakinlə birlikdə qətliamın törədildiyi əraziyə gedib.
AzerTimes xəbər verir ki, bu, ombudsmanın Xocalı işğaldan azad olunandan sonra həmin əraziyə ilk başçəkməsidir.
O, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni quldurlarının azərbaycanlıların başına gətirdikləri müsibətlərlə bağlı şahidlərin fikirlərini dinləyib. Eyni zamanda soyqırımla bağlı yeni faktlar lentə alınıb.
S.Əliyeva qətliamın törədildiyi yerdən dünya ictimaiyyətinə müraciət edib. Ombudsman xocalıların başına gətirilən müsibətləri elə həmin ərazilərdə əyani şəkildə ictimaiyyətə çatdırıb. O, beynəlxalq təşkilatların Xocalı soyqırımı günahkarlarının məsuliyyətə cəlb edilməsinə dəstək göstərməsini istəyib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet qoşunlarının 366-cı motoatıcı alayının iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri işğal edilib, yerli əhaliyə qarşı soyqırımı törədilib, şəhər yerlə yeksan olunub.
Soyqırımı nəticəsində 63 uşaq, 106 qadın və 70 ahıl olmaqla, 613 Xocalı sakini amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 76 uşaq olmaqla, 487 nəfər ağır yaralanıb.
Qətlə yetirilmiş şəxslərdən 56 nəfəri xüsusi qəddarlıqlarla öldürülüb, diri-diri yandırılıb, başının dərisi soyulub, digər dəhşətli işgəncələrə məruz qalıb.
Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır.