Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu (TİHEK) və Ankara Yıldırım Beyazıt Universitetinin rəsmi dəvəti əsasında Ombudsman Səbinə Əliyeva və rəhbərlik etdiyi nümayəndə heyətinin Ankara şəhərinə səfəri başlayıb.
Ombudsman Aparatından AzerTimes-a bildirilib ki, səfərin əsas məqsədi TİHEK tərəfindən yaradılmış, müharibə cinayətləri sahəsində peşakar hüquqşünas alimlərdən ibarət Qarabağ Müşahidə Qrupunun 44 günlük müharibə dövründə beynəlxalq hüququn, o cümlədən insan hüquqlarının pozulması faktlarına dair hazırladığı hesabatın təqdimatı ilə bağlı mətbuat konfransında iştirak etməkdir. Qeyd edək ki, Türkiyənin qabaqcıl universitetlərindən olan ekspertlərdən ibarət həmin qrupun üzvləri TİHEK rəhbəri ilə birgə cari ilin 28 iyun-2 iyul tarixlərində Müvəkkilin dəvəti ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində və raket hücumlarına məruz qalmış mülki yaşayış yerlərində araşdırmalar aparmış və nəticələr əsasında geniş hesabat hazırlamışdır.
Türkiyəyə səfəri çərçivəsində Ombudsman bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Ankara şəhərində Heydər Əliyev Parkını ziyarət edib. Ulu öndərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulub və xatirəsi ehtiramla yad edilib.
Səfərin təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.