Ombudsman Səbinə Əliyeva “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb (FOTO)

“Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərləri ilə qalibləri arasında görüşlər davam edir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Yüksəliş” müsabiqəsinin qalibi Ləman Qafarzadə ilə görüşüb.

AzerTimes xəbər verir ki, görüşdə S. Əliyeva ilk növbədə Ombudsman Aparatı və onun regional mərkəzlərinin fəaliyyətini, xüsusilə 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə insan hüquqları sahəsində gördüyü işləri diqqətə çatdırıb. BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə” Konvensiyasının Fakultativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin (MPM) funksiyalarını yerinə yetirən Ombudsman və onun Milli Preventiv Qrupu (MPQ) tərəfindən həyata keçirilən başçəkmələr barədə məlumat verən Müvəkkil uşaqların, əlilliyi olan şəxslərin və ahılların hüquqlarının təmini istiqamətində əldə olunmuş nəticələrdən danışıb. Ombudsman L. Qafarzadənin vətəndaş müraciətləri ilə bağlı praktiki işlərə cəlb olunmasını tövsiyə edib və mentorluq proqramı çərçivəsində keçiriləcək təcrübə üçün uşaqların və əlilliyi olan şəxslərin hüquqlarına dair inkişaf planının hazırlanması ilə bağlı tapşırıq verib.

L.Qafarzadə insan hüquqları, xüsusilə əlilliyi olan şəxslərin hüquqları sahəsində Səbinə Əliyevanın elmi-pedaqoji, yerli və beynəlxalq praktiki təcrübəsinin zəngin olduğunu qeyd edərək, bu sahədə yeni bilik və bacarıqlara yiyələnmək istədiyini bildirib.

“Yüksəliş” müsabiqəsinin idarəçi rəhbərlər heyətinin tərkibinə iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, energetika naziri Pərviz Şahbazov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, kənd təsərrüfatı naziri İnam Kərimov, maliyyə naziri Samir Şərifov, xarici işlər naziri Ceyhun Bayramov, gənclər və idman naziri Fərid Qayıbov, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Ombudsman Səbinə Əliyeva, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “BP” şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov daxildirlər.


Müsabiqənin şərtlərinə əsasən, qalib bir il müddətində müsabiqənin idarəçi rəhbəri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.

“Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə ümumilikdə 11.760 nəfər qeydiyyatdan keçib. Onlardan 9.775 nəfəri müsabiqəyə qəbul edilib.

Teqlər: