Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ombudsmanlar Assosiasiyasının idarə heyətinin iclasında iştirak edib.
Ombudsman Aparatından AzerTimes-a bildirilib ki, həmin assosiasiyanın prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç açılış nitqi ilə çıxış edərək, təşkilata üzv olan ölkələrin Ombudsman təsisatlarının insan hüquqlarının müdafiəsi və təbliği sahəsində birgə əməkdaşlığından danışıb. Assosiasiya üzvləri tərəfindən təşkil olunan təlim-seminarların əhəmiyyətindən danışan Şərəf Malkoç Azərbaycan Ombudsman təsisatı tərəfindən təşkil olunan maraqlı seminara görə Səbinə Əliyevaya təşəkkürünü bildirib. Qeyd olunmalıdır ki, Azərbaycan Ombudsman Aparatı bu ilin fevral ayında İƏT ölkələrinin Ombudsman təsisatları üçün işgəncə və pis rəftarın qarşısının alınması, həmçinin Ombudsmanın hərbi münaqişə dövründə fəaliyyəti ilə bağlı xüsusi təlim-seminar keçirib və həmin seminara 70-ə yaxın iştirakçı qoşulub.
Ombudsman Səbinə Əliyeva çıxışında pandemiya dövründə insan hüquqları ilə bağlı müxtəlif mövzularda keçirilən onlayn təlim-seminarların, bu sahədə bilik və təcrübə mübadiləsinin əhəmiyyətinə toxunub. Qeyd olunub ki, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınmasında və pandemiya dövründə insan hüquqlarının müdafiəsi prosesində Ombudsman institutlarının rolu və bu istiqamətdə birgə əməkdaşlığın gücləndirilməsi olduqca vacibdir.
Tədbirdə assosiasiyanın digər üzvləri də çıxış edərək qaldırılan məsələlərə dair öz rəy və təkliflərini bildiriblər.