Ombudsman Səbinə Əliyeva 3-cü “Fərqli Fərdlər” Konqresində iştirak edib (FOTO)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilən 3-cü “Fərqli Fərdlər” Konqresində açılış nitqi ilə çıxış edib. 17-18 aprel tarixlərində onlayn formatda keçirilmiş tədbirin məqsədi ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində dinamik və inklüziv cəmiyyətin inkişaf təmayülünü dəstəkləməkdən ibarət olub.

Ombudsman Aparatından AzerTimes-a verilən məlumata görə, Səbinə Əliyeva Azərbaycanda əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasının daim dövlətin diqqət mərkəzində olduğunu, zəruri tədbirlərin həyata keçirildiyini bildirib. Diqqətə çatdırılıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərən reabilitasiya mərkəzləri yaradılır. Ombudsman gələcəkdə autizmli uşaqların kompleks şəkildə reabilitasiya proseslərinə cəlb olunması məqsədilə Bakıda bu mərkəzlərin sayının artırılması və ən qısa zamanda regionlarda da yaradılmasının əhəmiyyətinə toxunub.

Ombudsman autizm spektr pozuntusu olan uşaqların vaxtında aşkar edilərək kompleks şəkildə reabilitasiya və təhsil prosesinə cəlb edilməsini təmin etmək üçün müasir diaqnostika və reabilitasiya inkişaf mərkəzlərinin, ixtisaslaşdırılmış təhsil müəssisələrinin olmamasının, peşəkar kadrların azlığının çətinliklər yaratdığını bildirib. Ombudsman həmçinin autizmli şəxslərə dövlət qayğısı haqqında xüsusi bir qanunun, müvafiq dövlət proqramının və digər vacib sənədlərin hazırlanaraq qəbul edilməsinin məqsədəmüvafiq olduğunu qeyd edib. Səbinə Əliyeva autizmli şəxslərə dövlət qayğısının artırılması ilə bağlı hüquqi baza formalaşdırmaq üçün təşviqat və maarifləndirmə işinin genişləndirilməsinin əsas vəzifələrdən olduğunu vurğulayıb.

COVID-19 pandemiyası dövründə əhalinin həssas qrupları üçün yaranan çətinliklərə toxunan Ombudsman bu dövrdə təsisata müraciət etmək üçün əlçatanlığın təmin edilməsi ilə bağlı ətraflı məlumat verib.


Çıxışda Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində dövlət sosial xidmət müəssisələrindəki vəziyyətin nəzarətdə saxlanıldığını diqqətə çatdırılıb. Ombudsman qeyd edib ki, uşaqların, əlilliyi olan şəxslərin və ahılların hüquqlarının təmini, onlarla rəftar, saxlanma şəraiti, gender məsələləri nəzərə alınmaqla effektiv tibbi xidmətlərin təşkili və əlçatanlığı araşdırılır, məsul qurumlarla müzakirələr aparılır.

Səbinə Əliyeva 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin üzvlərinə, həmçinin qazilərimizə Ombudsmanın təşəbbüsü əsasında “Briut” Tibb Mərkəzinin psixoloq və psixiatrlarının iştirakı ilə psixoloji yardım göstərildiyini də iştirakçıların nəzərinə çatdırıb.

Konqresdə müxtəlif qurumlarının rəhbər və nümayəndələri, yerli və xarici ekspertlər çıxış ediblər. Çıxış və müzakirələr diaqnostika, müşayiət və korreksiya üçün mütəxəssisin düzgün seçilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaq və böyüklərin karantin dövründə vəziyyəti, həmin uşaqların orta məktəbdən sonrakı gələcək həyatı, post-travmatik sindromla bağlı həlak olmuş əsgərlərin ailələrinə və cəbhədən qayıdan əsgərlərə psixoloji dəstək mövzularını əhatə edib.

Teqlər: