Ombudsman Martin Çunqonq ilə görüşdü

Ombudsman Martin Çunqonq ilə görüşdü

Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşüb.

Ombudsman Aparatından AzerTimes-a bildiriblər ki, görüşdə S.Əliyeva qonağa mandatı, insan hüquq və azadlıqlarının təmini və müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.

Beynəlxalq əməkdaşlıq çərçivəsində fəaliyyətindən danışan müvəkkil bır sıra xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları ilə əməkdaşlığa dair sazişlər imzalandığını və qarşılıqlı əlaqələrin inkişaf etdirildiyini bildirib. Qeyd edib ki, bu kimi əlaqələr insan hüquqları sahəsində təcrübə mübadiləsi ilə yanaşı, müsbət ölkə təcrübələrinin beynəlxalq arenaya çıxarılmasında da mühüm rol oynayır.

Nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa toxunan S.Əliyeva BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, o cümlədən ixtisaslaşmış qurumları ilə sıx əlaqələr barədə geniş məlumat verib. Ombudsman təsisatın BMT-nin İnsan Hüquqları Şurası (İHŞ) tərəfindən həyata keçirilən Universal Dövri İcmal prosesində fəal iştirak etdiyini, dövri məruzələrin təqdim olunduğunu vurğulayıb.

Səbinə Əliyeva “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərdən danışıb, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında” konvensiyaların müddəalarının həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını yerinə yetirdiyini bildirib.

Ombudsman gender bərabərliyinin təbliği və təmini, qadın hüquqlarının müdafiəsi, zorakılığa və erkən nikahlara qarşı mübarizə sahəsində həyata keçirdiyi fəaliyyətdən bəhs edib, Bakı Dövlət Universitetində “Genderə giriş” fənninin tədris olunduğunu, təsisat tərəfindən eyni adda mühazirələr toplusunun hazırlandığını diqqətə çatdırıb.

Müvəkkil Milli Preventiv Mexanizm fəaliyyəti barədə də məlumat verərək əvvəlcədən xəbərdarlıq etmədən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələrin həyata keçirildiyini, rəftar və saxlanma şəraitinin araşdırıldığını, verilmiş tövsiyələrin icrasının nəzarətdə saxlanıldığını diqqətə çatdırıb.

S.Əliyeva həmsöhbətini, həmçinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terror siyasəti, 4000-ə yaxın itkin vətəndaşımızın naməlum taleyi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə məlumaylandırıb.

O, Ermənistanın ölkəmizə qarşı nifrət və müharibə cinayətləri ilə bağlı xüsusi hesabatların hazırlanaraq beynəlxalq təşkilatlara, xarici ombudsman və milli insan hüquqları institutlarına göndərildiyini söyləyib.

Səbinə Əliyeva növbədənkənar prezident seçkiləri ərəfəsində Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyası tərəfindən vətəndaşların seçki hüququnun təmini mövzusunda hüquqi-maarifləndirmə tədbirlərinin təşkil olunduğunu vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Teqlər: