Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva Ermənistanın Birinci və İkinci Qarabağ
müharibələri dövründə törətdiyi müharibə cinayətləri, beynəlxalq
hüquq, beynəlxalq humanitar hüquq normalarının pozulması faktları
barədə dünya ictimaiyyətini məlumatlandırmaqda davam edir.
Ombudsman Aparatından AzerTimes-a
verilən məlumata görə, Ombudsman həyata keçirdiyi faktaraşdırıcı
missiya çərçivəsində əldə etdiyi müvafiq dəlil, sübut və
materiallar əsasında növbəti hesabatını hazırlayıb.
Sözügedən hesabat Ermənistan tərəfindən işğal dövründə
azərbaycanlılara məxsus qəbiristanlıqların kütləvi şəkildə və
qəsdən dağıdılması, qəbirlərin və ölülərin təhqir edilməsi,
qəbirüstü abidələrin talan edilməsi, habelə məzarları ziyarət
edəcək insanlar arasında ölüm hallarının baş verməsi məqsədilə
ərazinin minalanması və digər əyani faktları özündə əks
etdirir.
Hesabatda beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar
hüquq normalarının kobudcasına pozulması, müharibə cinayətləri
törədilməsinə görə Ermənistanın hüquqi məsuliyyətə cəlb edilməsi
istiqamətində ciddi tədbirlərin görülməsi üçün beynəlxalq
təşkilatlara çağırış edilib.
Hesabat beynəlxalq təşkilatlara, xarici ölkələrin
ombudsmanlarına, habelə insan hüquqlarının müdafiəsi və təbliği ilə
məşğul olan digər beynəlxalq qurumlara göndərilib.
Hesabatın mətni ilə buradan tanış ola
bilərsiniz.