Ombudsman “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva “İnsan Hüquqları Aylığı”nın elan
olunması ilə bağlı dövlət və yerli özünüidarə orqanlarına, elm,
təhsil və tibb müəssisələrinə, vətəndaş cəmiyyəti institutlarına
müraciət edib.

Ombudsman Aparatından AzerTimes-a
verilən məlumata görə, müraciətdə deyilir:

“Məlum olduğu kimi, Azərbaycanın müxtəlif inkişaf mərhələlərində
insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin
artırılmasına xidmət edən bir sıra strateji əhəmiyyətli sənədlər –
dövlət proqramı, milli fəaliyyət planı və proqramı hazırlanmış və
təsdiq edilərək icra olunmuşdur.

Böyük ehtiram hissi ilə qeyd etmək lazımdır ki, ölkəmizdə insan
hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan
hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun
tarixində təsdiq edilmiş və insan hüquqlarının təmin olunması
dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən
olunmuşdur. Bunu nəzərə alaraq ölkə başçısı cənab İlham Əliyevin
2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-i
Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd
edilir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) olaraq, həmin əlamətdar gün ərəfəsində ölkədə “İnsan
Hüquqları Aylığı” (18 may – 18 iyun 2022-ci il) elan edirəm.
Bununla əlaqədar dövlət və yerli özünüidarə orqanlarına,elm, təhsil
və tibb müəssisələrinə, vətəndaş cəmiyyəti institutlarına, o
cümlədən qeyri-hökumət təşkilatları və mediaya müracət edərək
təşəbbüsümüzə qoşulmaqla Aylıq çərçivəsində insan hüquqlarına həsr
olunmuş silsilə tədbirlər təşkil etməyə çağırıram.

Hər il olduğu kimi builki Aylığın da elan olunmasında əsas
məqsəd insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata
keçirilən fəaliyyəti gücləndirmək, əldə olunmuş nailiyyətlər barədə
ictimaiyyəti məlumatlandırmaq, mövcud problemlərin aradan
qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etmək,
habelə əhalinin hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf
etdirmək, ayrı-seçkiliyin yolverilməzliyinin zəruriliyini diqqətə
çatdırmaqdan ibarətdir.

Təqdirəlayiq haldır ki, yeni növ koronavirus (COVID-19)
infeksiyasının qarşısının alınması istiqamətində dövlət
səviyyəsində həyata keçirilən profilaktik və mübarizə xarakterli
təxirəsalınmaz tədbirlər öz müsbət nəticəsini vermiş və ölkədə
epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin
rejiminin mərhələli şəkildə yumşaldılması prosesi həyata
keçirilməkdədir.

Bu baxımdan artıq Nazirlər Kabineti yanında Operativ Qərargah
tərəfindən qəbul edilmiş müvafiq qərara əsasən bütün kütləvi
tədbirlərin keçirilməsinə icazə verildiyini nəzərə alaraq hesab
edirəm ki, hüquqi maarifləndirmə tədbirləri həm ənənəvi (oflayn),
həm hibrid, həm də onlayn formalarda keçirilə bilər.

Tərəfimizdən elan olunan Aylıq çərçivəsində insan hüquqlarına
həsr olunmuş müxtəlif mövzular üzrə hüquqi maarifləndirmə
tədbirlərinin keçirilməsində, sosial çarxların hazırlanmasında,
mediada və sosial şəbəkələrdə insan hüquqlarının təbliğ
edilməsində, insanların müraciətlərinə operativ şəkildə baxılmaqla
pozulmuş hüquqlarının bərpası məsələlərinə diqqətin daha da
artırılmasında fəallıq nümayiş etdirməklə, hər kəsi insan
hüquqlarının səmərəli müdafiəsinə, cəmiyyətdə hüquq düşüncəsinin və
hüquq mədəniyyətinin inkişafına töhfə verməyə dəvət edirəm.

Hörmətlə,

Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman)

Teqlər: