Ombudsman İƏT Ombudsmanlar Assosiasiyasının iclasında iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının
Ombudsmanlar Assosiasiyasının idarə heyətinin videokonfrans
formatında keçirilən 6-ci iclasında iştirak edib.

Ombudsman Aparatından AzerTimes-a
verilən məlumata görə, Azərbaycan, Türkiyə, Pakistan, İran, Mərakeş
və Cubiti Ombudsmanlarının iştirak etdiyi iclasda Assosiasiyanın
ötənilki fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi ilə yanaşı
eyni zamanda gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr
aparılıb. Qeyd edilib ki, Assosiasiyanın təşkilatçılığı ilə üzv
qurumların əməkdaşları üçün keçirilən insan hüquqları sahəsində
maarifləndirmə tədbirləri yeni bilik və bacarıqlara yiyələnmək
baxımından olduqca faydalı olmuşdur.

Tədbirdə çıxış edən Ombudsman Səbinə Əliyeva Assosiasiyaya yeni
üzvlərin qəbulu prosesinin sürətləndirilməsi ilə bağlı fikirlərini
bölüşmüş, iqtisadi və sosial hüquqların, informasiya əldə etmək
hüququnun, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində
təcrübə mübadiləsinə əsaslanan hüquqi maarifləndirmə təlimlərinin
keçirilməsinin əhəmiyyətini qeyd edib.

İclas Assosiasiyanın fəaliyyət planının müzakirəsi, idarə
heyətinin növbəti iclasının və ümumi yığıncağının keçirilmə yeri,
vaxtı və gündəliyinin müzakirəsi istiqamətində işini davam
etdirib.

Teqlər: