Ombudsman Fərrux kəndində insan qalıqlarının aşkarlanması faktı ilə bağlı məlumat yaydı

Ermənistanın xalqımıza qarşı əsrlər boyu davam etdirdiyi nifrət
siyasəti nəticəsində zaman-zaman on minlərlə dinc insan etnik və
dini mənsubiyyətinə görə kütləvi şəkildə, xüsusi amansızlıqla qətlə
yetirilib. Ermənistan işğalından azad edilmiş ərazilərimizdə aşkar
olunan kütləvi məzarlıqlar bu cür halları bir daha sübuta yetirir
və müharibə cinayətlərinin törədildiyini təsdiq edir.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, bu günlərdə
Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkarlanan insan
qalıqlarının da Birinci Qarabağ müharibəsində şəhid olan şəxslərə
aid olduğu ehtimal edilir.

“Təəssüflə qeyd etmək lazımdır ki, Birinci Qarabağ müharibəsi
zamanı 4000-ə yaxın azərbaycanlı itkin düşüb. İtkin düşmüş şəxslər
haqqında qarşı tərəfin bu günədək hər hansı məlumat verməməsi və
azad edilmiş ərazilərdə aşkar olunan insan qalıqları onlardan
bəzilərinin amansızcasına qətlə yetirilərək kütləvi məzarlıqlarda
basdırıldığını deməyə əsas verir. Aşkar olunmuş kütləvi məzarlıqlar
Ermənistanın azərbaycanlılara qarşı soyqırım siyasətini bir daha
sübut edir.

Bu baxımdan beynəlxalq ictimaiyyəti azərbaycanlılara qarşı
qəsdən törədilmiş sülh və insanlıq əleyinə cinayətlərə, müharibə
cinayətlərinə beynəlxalq hüquq normaları əsasında yanaşma və
qətiyyətli mövqe nümayiş etdirməyə çağırırıq”, məlumatda
deyilir.

Teqlər: