Ombudsman Daxili Qoşunların hərbi hissəsində olub (FOTO)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyevanın Müdafiə Nazirliyi, Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı və Fövqəladə Hallar
Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı ilə
razılaşdırılmış tədbirlər planına müvafiq olaraq, Ombudsman və
Aparatın əməkdaşları hərbi hissələrə, hərbi təhsil və tibb
müəssisələrinə başçəkmələri müntəzəm qaydada davam etdirir.

Ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşları Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən N saylı
hərbi hissəsinə mövcud pandemiya tələblərinə əməl etməklə baxış
keçiriblər.

Tədbir zamanı Daxili Qoşunların komandanının müavini – şəxsi
heyət üzrə idarənin rəisi və hərbi hissə komandiri tərəfindən
Daxili Qoşunların yaranma tarixi və fəaliyyəti, həmçinin Daxili
Qoşunların şəxsi heyətinin Vətən müharibəsində iştirakı, o cümlədən
şəhid və qazi olan hərbi qulluqçuları ilə bağlı ətraflı məlumat
verilib.

Eyni zamanda, Ombudsman hərbi hissənin qərargahına, əsgər
yataqxanasına, hərbi qulluqçularla ideoloji iş otağına,
yeməkxanaya, mətbəxə, tibb məntəqəsinə, Daxili Qoşunların tarixini
və fəaliyyətini özündə əks etdirən muzeyə və digər obyektlərə baxış
keçirib, hərbi qulluqçular üçün yaradılmış istirahət və məişət
şəraiti ilə tanış olub.


Müvəkkil yeməkxana korpusunda olarkən orada işləyən mülki
şəxslərlə görüşərək söhbət edib və ləyaqətli əməklərinə görə onlara
təşəkkürünü bildirib.

Müvəkkil Daxili Qoşunların Komandanlığı ilə gələcəkdə qarşılıqlı
əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə
edib.

Teqlər: