Ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının Ayrı-seçkiliyə qarşı Müdafiə Komissiyasının rəhbəri Ana Cumaliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ombudsman Aparatında görüş keçirilib.
Ombudsman Aparatından AzerTimes-a verilən məlumata görə, görüş zamanı Ombudsman Səbinə Əliyeva qonaqları salamlayaraq, iki ölkə arasında inkişaf edən qarşılıqlı əlaqələrdən, həmçinin bu yaxınlarda baş tutmuş Bolqarıstan səfərindən bəhs edib. Tərəflər arasında imzalanmış Anlaşma Memorandumunun insan hüquq və azadlıqlarının təmini istiqamətində əlaqələrin dərinləşməsinə töhfə verəcəyi bildirilib.
Görüşdə Azərbaycan Ombudsman təsisatının fəaliyyət istiqamətləri, yeni yaradılmış struktur bölmələri barədə qonaqlara ətraflı məlumat verilib.
Bununla yanaşı, Ombudsman Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilmiş beynəlxalq humanitar hüquq pozuntuları, habelə beynəlxalq ictimaiyyətin bu faktlar barədə məlumatlandırılması məqsədilə təsisatın həyata keçirdiyi araşdırma fəaliyyəti barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, müharibə dövründə 7, daha sonra isə 3 faktaraşdırıcı missiya həyata keçirilib, nəticələrlə bağlı hesabatlar hazırlanaraq müvafiq beynəlxalq təşkilatlara ünvanlanıb.
A.Cumaliyeva Azərbaycan Ombudsmanına təşəkkürünü bildirərək, ölkələr arasında inkişaf edən əlaqələrdən danışıb. O, həmçinin iki təsisat arasında qarşılıqlı təcrübə mübadiləsi aparılması barədə fikirlərini bölüşüb, ayrı-seçkiliklə mübarizə sahəsində fəaliyyəti ilə bağlı məlumat verib.
Qeyd edək ki, səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi, Ağdam və Tərtərdə insan hüquqlarının pozulması faktlarının yerində araşdırılması nəzərdə tutulub.