Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının (BMT-nin) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə tanışlıq görüşü keçirib.
Ombudsman Aparatından AzerTimes-a bildirilib ki, Ombudsman V.Andreyevanı təyinatı münasibətilə təbrik edib, ölkəmizdə fəaliyyəti dövründə ona uğurlar arzulayıb.
Tanışlıq məqsədi daşıyan görüşdə tərəflər fəaliyyət istiqamətləri üzrə ümumi fikir mübadiləsi aparıblar. S.Əliyeva rəhbərlik etdiyi qurumun BMT ilə sıx əməkdaşlıq əlaqələri olduğunu qeyd edərək, bu əlaqələrin daha da inkişaf etdiriləcəyini bildirib. Ombudsman COVID-19 pandemiyası dövründə həssas əhali qruplarının hüquqlarının müdafiəsi ilə bağlı təsisatın həyata keçirdiyi fəaliyyət barədə danışıb. Miqrantların hüquqlarının təmini, inklüziv təhsilin inkişafı, məişət zorakılığının qarşısının alınması ilə bağlı məsələlər görüşdə müzakirə edilib.
Daha sonra Müvəkkil qonağa İkinci Qarabağ müharibəsində baş vermiş humanitar hüquq pozuntuları ilə bağlı hazırlanmış hesabatlar barədə məlumat verib. Postmüharibə dövründə artıq bölgədə bir çox sahələrdə yeni çağırışların yarandığı bildirilib. Müzakirə zamanı Ombudsman ölkəmizin hazırda azad edilmiş ərazilərdə işğal dövründə basdırılmış və işarələnməmiş mina problemi ilə qarşı-qarşıya olduğunu vurğulayıb. 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış əhalimizin həmin torpaqlara qayıdışının, orada dağıdılmış infrastrukturun bərpasının əsas vəzifələr kimi qarşıda dayandığı, bununla bağlı beynəlxalq təşkilatların dəstəyinin böyük əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Görüşdə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə bağlı nəzərdə tutulan işlərin icrası ilə bağlı müzakirə aparılıb.
Yekunda BMT nümayəndəsi görüşlə bağlı məmnunluğunu ifadə edib və görüşdə müzakirə edilmiş istiqamətlər üzrə qarşılıqlı əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.