Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva BMT-nin İnkişaf Proqramının Azərbaycan
Respublikasındakı müvəqqəti işlər vəkili Suxrob Xojimatovu qəbul
edib.
Qonağı salamlayan S.Əliyeva Ombudsmanın mandatı, strukturu,
həyata keçirdiyi fəaliyyət, o cümlədən BMT-nin müqavilə və
nizamnamə orqanları ilə əməkdaşlıq istiqamətləri barədə qonağa
geniş məlumat verib.
Qeyd olunub ki, Ermənistanın işğalından azad olunan
ərazilərimizdə həyatın yenidən bərpa edilməsi hazırda prioritet
vəzifələrdən biri olaraq qarşıda durur. Həmin ərazilərdə həyata
keçirdiyi faktaraşdırıcı missiyalardan danışan Ombudsman
müharibədən zərər çəkmiş insanların yenidən normal həyata
qayıtmaları istiqamətində beynəlxalq təşkilatlarla birgə müvafiq
addımların atılmasının vacibliyini qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən qonaq BMT-nin İnkişaf
Proqramının Ombudsman təsisatı ilə əməkdaşlıqda maraqlı olduğunu
qeyd edib.
Görüşdə əhalinin həssas qruplarının hüquqlarının müdafiəsi,
Ombudsmanın Aparatı və regional mərkəzlərinin imkanlarının
gücləndirilməsi istiqamətində birgə əməkdaşlıq perspektivləri
barədə müzakirə aparılıb.