Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva əhalinin həssas qruplarının, o cümlədən məhkumların hüquqlarının təmin olunması vəziyyətini daim diqqətdə saxlayır. Ombudsman 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin yetkinlik yaşına çatmayanlar üçün Tərbiyə müəssisəsində təşkil olunmuş tədbirdə iştirak edib.
Tədbirdə Liatris Holdinqin rəhbəri Ruhi Əliyeva, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri, Penitensiar Xidmətin əməkdaşları, bir sıra QHT-lərin nümayəndələri, habelə Ombudsmanın mentorluq etdiyi “Yüksəliş” müsabiqəsi qalibi Ləman Qafarzadə iştirak edib.
Ombudsman Səbinə Əliyeva Tərbiyə müəssisəsində yetkinlik yaşına çatmayan məhkumlarla görüşüb, onları qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək xoş arzularını bildirib, maarifləndirici söhbətlər apararaq müvafiq tövsiyələrini verib.
Ombudsman yetkinlik yaşına çatmayanlarla fərdi söhbət aparıb, onların müraciətlərini dinləyib və müəssisə rəhbərliyinə tapşırıqlarını verib.
Tədbir iştirakçıları heykəltaraşlıqla məşğul olan yetkinlik yaşına çatmayanlar tərəfindən44 günlük Vətən müharibəsinə həsr edilmiş “Dəmir yumruq” kompozisiyası ilə tanış olaraq, məhkumların əl işini yüksək qiymətləndiriblər.
Tədbirdə müəssisədə saxlanılan yetkinlik yaşına çatmayanlara bayram sovqatları, gigiyenik vasitələr və isti geyim əşyaları paylanılıb.
Penitensiar Xidmətin qadın məhkumlar üçün nəzərdə tutulmuş 4 saylı cəzaçəkmə müəssisəsində məhkum anaları ilə birlikdə saxlanılan körpələrə də bayram hədiyyələri təqdim edilib.