Ombudsman Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin üzvləri ilə görüş keçirib (FOTO)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin üzvləri Bernd Vöringer və Stüart Dikson ilə videokonfrans formatında görüş keçirib.

Ombudsman Aparatından AzerTimes-a verilən məlumata görə, görüşün əsas məqsədi “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının Azərbaycan tərəfindən icrası ilə bağlı növbəti monitorinq hesabatının hazırlanması üzrə müzakirə aparılması, sonuncu monitorinq səfərinin nəticələri əsasında qəbul edilmiş tövsiyə sənədlərinin icrası vəziyyətinin təhlili olub.

Səbinə Əliyeva çıxışında Azərbaycan Ombudsmanı ilə görüş təşəbbüsünə görə təşəkkürünü bildirib, ölkəmizin Avropa Şurasının insan hüquqları sahəsində sənədlərinə qoşulmasının milli qanunvericiliyin təkmilləşdirilməsinə müsbət təsiri barədə danışıb. Videokonfransda Avropa Şurası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində Ombudsman təsisatının həyata keçirdiyi layihələr haqqında məlumat verilib.

Azərbaycan tərəfindən “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının ratifikasiya edildiyini xatırladan Оmbudsmаn yerli icra hakimiyyəti və özünüidarə orqanları ilə əlaqələr barədə geniş məlumat verib.


Videokonfransda Ombudsman təsisatı ilə yerli icra strukturları və bələdiyyələrin əsas əməkdaşlıq istiqamətləri barədə məlumat verilib. Ombudsman Səbinə Əliyeva insan hüquqlarının səmərəli müdafiəsi, habelə dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən insan hüquqlarına əməl edilməsi məqsədilə bu əməkdaşlığa önəm verildiyini bildirib. Ölkənin kənd və rayonlarından Ombudsmanın ünvanına göndərilən şikayətlərlə bağlı müxtəlif yerli icra hakimiyyətlərinə, bələdiyyələrə sorğular göndərildiyi, bir çox şikayətlərin təmin edildiyi vurğulanıb. Eyni zamanda, Ombudsmanın bölgələrə səfərləri zamanı yerli əhali, o cümlədən ərizəçilərlə görüşlər keçirdiyi, yerli icra strukturları, bələdiyyə ilə əməkdaşlıqda əksər məsələlərin həllinə nail olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, insan hüquqları sahəsində maarifləndirmə istiqamətində də Ombudsman təsisatı ilə bu orqanlar arasında geniş əməkdaşlıq mövcuddur.

Bununla yanaşı, ölkəmizdə keçirilən son bələdiyyə seçkilərinə hazırlıq dövründə Ombudsmanın təşəbbüsü ilə yerlərdə maarifləndirmə tədbirləri keçirildiyi, ümumilikdə 518 məntəqədə, o cümlədən hərbi hissələrdə və penitensiar müəssisələrdə Ombudsman və təsisatın əməkdaşlarının həmin seçkiləri müşahidə etdiyi qeyd olunub.

Teqlər: