Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Aparatında Xocalı soyqırımının 30-cu ildönümünə həsr
edilmiş tədbir keçirilib.
Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Ombudsman Səbinə Əliyeva çıxış edərək, Xocalıda
Ermənistan silahlı birləşmələri, terrorçu dəstələri və keçmiş Sovet
ordusunun 366-cı motoatıcı alayının törətdiyi dəhşətli cinayət
barədə danışıb.
S.Əliyeva soyqırım nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i
qoca olmaqla, 613 nəfərin xüsusi qəddarlıqla öldürüldüyünü, 487
nəfərin müxtəlif dərəcəli ağır bədən xəsarətləri aldığını, 1275
nəfərin girov götürülərək, işgəncələrə məruz qaldığını qeyd edib.
Bildirilib ki, 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi
bu günədək məlum deyil, 8 ailə tamamilə məhv edilib, 130 uşaq
valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini
itirib.
Xocalıda törədilmiş həmin aktın beynəlxalq hüquqa əsasən
soyqırım olaraq tövsif edilməli olduğunu bildirən Ombudsman bu
cinayətə hüquqi qiymət verilməsinin zəruriliyini vurğulayıb. Daha
sonra Ombudsmanın Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar
beynəlxalq ictimaiyyətə ünvanlanmış bəyanatı səsləndirilib.
Tədbirdə Ombudsmanın təşəbbüsü əsasında hazırlanmış, soyqırım
şahidlərinin ifadələrinin də yer aldığı “Xocalı şahidi” adlı filmin
təqdimatı keçirilib.
Yekunda S.Əliyeva Birinci və İkinci Qarabağ müharibələri
şəhidlərinə Allahdan rəhmət diləyib, onların xatirəsinin daim əziz
tutulacağını qeyd edib.