Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatında Şəhid ailələri və müharibə veteranları ilə iş sektoru yaradılıb.
Ombudsman Aparatından AzerTimes-a bildirilib ki, müvafiq struktur bölmənin yaradılmasında məqsəd Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş, itkin düşmüş və ya yaralanmış hərbi qulluqçularla bağlı onların ailə üzvlərinin, müharibə veteranlarının özlərinin müraciətlərinə və qaldırdıqları məsələlərə dərhal reaksiya verilməsindən ibarətdir.
Şəhid ailələri və müharibə veteranları ilə iş sektorunun yaradılması bu istiqamətdə daxil olan müraciətlərin sistemləşdirilməsi baxımından əhəmiyyət daşımaqla yanaşı şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsinin təmin edilməsi, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və digər hüquqlarının təmini ilə bağlı qaldırdıqları məsələlərin operativ həllinə öz töhfəsini verəcək.
Eyni zamanda, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Vətən müharibəsinin ilk günlərindən zərərçəkmiş şəxslərə ünvanlanan psixoloji dəstək layihəsinin də icrasına başlanılıb və yeni formalaşdırılmış sektor tərəfindən bu istiqamətdə iş sistemli formada davam etdiriləcəkdir.