Ombudsman Aparatı vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsinə dair onlayn tədbir keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən “İnsan hüquqlarının müdafiəsində Ombudsman təsisatı ilə vətəndaş cəmiyyəti institularının əməkdaşlığının gücləndirilməsinin rolu” mövusunda onlayn tədbir təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, 28 May – Respublika Gününə həsr olunmuş tədbirdə Ombudsman Səbinə Əliyeva, təsisatın əməkdaşları və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

Ombudsman Səbinə Əliyeva tədbirdə giriş sözü ilə çıxış edərək, Respublika Günü münasibətilə bütün iştirakçıları təbrik edib. Ombudsman Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tarixi əhəmiyyəti barədə danışıb, bu il xalqımız tərəfindən həmin əlamətdar günün torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqədar olaraq daha böyük sevinclə qeyd olunduğunu vurğulayıb. Ombudsman Cümhuriyyətin mövcud olduğu 23 ay müddətində həyata keçirilmiş işlər, həmin dövrdə insan hüquqlarına hörmət, o cümlədən qadınlara seçki hüquqlarının verilməsi barədə danışıb.

Çıxışda Cümhuriyyətin süqutundan sonrakı 70 illik Sovet hakimiyyətinin sona çatması ilə Azərbaycan xalqının yenidən müstəqillik qazanmasından sonra ölkəmizdə müxtəlif sahələrdə həyata keçrilmiş islahatlar, qanunvericilik bazasının yaradılması, insan hüquqlarının təmini ilə bağlı görülmüş işlərdən bəhs olunub.

Ombudsman bildirib ki, bu gün müstəqil dövlətimizdə insan hüquqlarının ayrılmazlığı əsas prinsiplərdən biri kimi bu sahədə qanunvericilik bazasını formalaşdırır. Səbinə Əliyeva müasir dövrdə milli insan hüquqları təsisatlarının fəaliyyətində vətəndaş cəmiyyəti ilə əməkdaşlığın xüsusi önəm daşıdığını, Ombudsman təsisatının da insan hüquqlarının müdafiəsi istiqamətində bu əməkdaşlığa əhəmiyyət verdiyini qeyd edib.


Daha sonra tədbirdə “Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsi”nin sədri Səadət Bənənyarlı, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnu Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, müstəqil ekspert Cümşüd Nuriyev çıxış ediblər.

Onlayn görüşdə COVID-19 pandemiyasının insan hüquqlarınnı müdafiəsində yaratdığı problemlər, əlilliyi olan şəxslərin, ocümlədən Vətən müharibəsi qazilərinin qayğıları barədə danışılıb, ölkədə vətəndaş cəmiyyətinin mövcud problemləri, onların həlli və bu sahədə hüquqi mühitin yaxşılaşdırılması istiqamətində təkliflər səsləndirilib.

Tədbirdə Ombudsman təsisatının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilmiş yeniliklər, o cümlədən əlilliyi olan şəxslərin hüquqları və informasiya əldə etmək hüququnun müdafiəsi sahəsində görülmüş tədbirlərə toxunulub.

Tədbir müzakirələrlə davam edib, Ombudsman Səbinə Əliyeva və vətəndaş cəmiyyəti nümayəndələri müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi perspektivləri barədə fikirlərini bildiriblər.

Teqlər: