Ombudsman Aparatı ilə BMT Nümayəndəliyi arasında memorandum imzalanıb

Xəbər - Humay Ağacanova – Trend6

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Birləşmiş Millətlər Təşkilatının (BMT-nin) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladanka Andreeva tərəfindən birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Ombudsman Aparatından AzerTimes-a verilən məlumata görə, tərəflər arasında Anlaşma Memorandumunun imzalanması mərasimində hər iki qurumun nümayəndə heyətləri iştirak edib.

Memorandumun əsas məqsədi universal insan hüquqları dəyərlərinin, qanunun aliliyinin, gender bərabərliyinin, ayrı-seçkiliyin qarşısının alınmasının və yaxşı idarəçiliyin təbliğ edilməsi, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi və bütün səviyyələrdə insan hüquqları üzrə maarifləndirmənin təşviq edilməsinə dəstək verməkdir. Memorandumda qeyd olunan sahələr üzrə əməkdaşlığın səmərəli həyata keçirilməsi üçün birgə işçi qrupunun yaradılması nəzərdə tutulub.


Anlaşma Memorandumuna əsasən insan hüquqları sahəsində təhsil və maarifləndirmə sahəsində birgə layihələrin həyata keçirilməsi, BMT-nin insan hüquqları mexanizmləri ilə əlaqələrin daha da genişləndirilməsi, bu mexanizmlər çərçivəsində verilən tövsiyələrin qiymətləndirilməsi və implementasiyasına, Ombudsmanın institusional potensialının gücləndirilməsinə, insan hüquqlarının müdafiəsi üzrə milli strategiyaların hazırlanmasına və “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrasına dəstək istiqamətlərində tədbirlər həyata keçiriləcəkdir.

Teqlər: